Şəhid tank komandiri Rufiz Budaqovun ailəsi ziyarət olunub
Sosial həyat

Şəhid tank komandiri Rufiz Budaqovun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sədri Elşən Əsədov ölkəmizin şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsinin şəhidi Rufiz Budaqovun ailəsini ziyarət edib, şəhidin övladları - Günay, Könül və Rəvanla görüşüb.

Tərtər rayonunun Talışkənd kəndinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olan tank komandiri Rufiz Budaqov Prezident İlham Əliyevin sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və təltif edilib.

Şəhidin ailəsi dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə paytaxtın Masazır qəsəbəsində mənzillə təmin edilib, ailənin üzvlərinə (ana, ata, həyat yoldaşı və 3 övladı) Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə pensiya təyin olunub.

Görüş zamanı E.Əsədov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıb. Bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın, eləcə də Rufiz Budaqovun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Ailənin sosial vəziyyətinin bundan sonra da diqqətdə saxlanacağı qeyd edilib.

"Respublika".