Şəhid ruhu ehtiramla anıldı
Region

Şəhid ruhu ehtiramla anıldı

Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət,  hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq sözə sığmır, söz  də, ifadə də bu igidliyin qarşısında acizdir. Eyni zamanda hərbi təhlilçilərin gəldiyi qənaət budur ki, 44 gün davam edən savaş hərb tariximizin ən şanlı səhifəsidir.  Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib,  öz canını Vətənə fəda edib, düşməni əzib, erməni ordusunu diz çökdürüb. 44 gün davam edən müharibə Azərbaycan ordusunun peşəkarlığını, döyüş ruhunu,  Vətən məhəbbətini,  əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi.

Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər şəhid olub. Onların xatirəsi həmişə uca tutulur,  qəhrəmanların adı əbədiləşdirilir, şəhid ailələrinə, qazilərə doğma münasibət göstərilir.  Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində igidlik və şücaət göstərən oğullardan biri də Elmir Vəliyevdir.  

Elmir Vəliyev 1986-cı il aprelin 13-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.  1992-2003-cü illərdə şəhid Əkrəm Səlimov adına Füzuli rayonu Kərimbəyli kənd orta məktəbində təhsil alıb. 2006-cı ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarından ayrılmayıb.   Müddətdən artıq xidmətini davam etdirən Elvin peşəkar tankçı kimi ordu sıralarında  Vətənin keşiyində dayanıb.  2016-cı ilin Aprel döyüşlərində Elmir idarə etdiyi tankla manevrlər edərək xüsusilə fərqlənib, düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəman ordumuzun kiçik çavuşu  Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli istiqamətində cəbhənin yarılmasında cəsarətlə iştirak edib, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.  Həmçinin Füzuli və Xocavənd rayonlarının,  Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətilə seçilib və bir çox yaşayış məntəqələrinin,  strateji yüksəkliklərin alınmasında igidlik göstərib. Cəsur tankçı Elmir Vəliyev 2020-ci il oktyabrın 27-də gərgin döyüşlər zamanı qəhrəmanlıqla həlak olub.

Vətən müharibəsi şəhidi Elmir Vəliyevin doğum günündə xatirəsi yad edilib.  Şəhidin Füzuli rayonu Kərimbəyli kəndində məzarı ziyarət olunub,  ruhuna dualar oxunub. Anım mərasimində ailəsi ilə bərabər,  Füzuli Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları,  döyüş yoldaşları,  qazilər,  veteranlar və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Elmirin Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən ətraflı söhbət açıblar və doğulub boya-başa çatdığı kəndə şöhrət gətirdiyi üçün onunla qürur duyduqlarını bildiriblər.  

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu Elmir Məmmədqulu oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda”,  “Cəsur döyüşçü”,  “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. İki övladı yadigar qalıb.

                                        Salman ALIOĞLU,

                                          “Respublika”.