ŞƏHİD QARDAŞININ TOYU, BİR ELİN SEVİNCİ
Region

ŞƏHİD QARDAŞININ TOYU, BİR ELİN SEVİNCİ

Novruz sevinc, şadyanalıq, toylu-büsatlı el bayramıdır. Bayram günlərində qız evinə elçi gedir, nişanlı qıza xonça aparılır, yeni ailələrin təməli qoyulur.

Şəmsəddin və Şəhriyar Təhməzov qardaşları Masallı rayonunun Güllütəpə kəndində zəhmətkeş ailədə dünyaya gəliblər. Hər iki qardaş Vətən müharibəsində azğın düşmənə qarşı döyüşüb. Şəmsəddin Suqovuşanın azad edilməsi uğrunda igidlik, şücaət, hünər göstərib. 2020-ci il oktyabr ayının 7-də Tərtərin Talış kəndində gedən ağır döyüşlərdə ürək nahiyyəsindən aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb. Doğma Güllütəpə kəndində böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Şəmsəddinin qardaşı Şəhriyar hərbçi olub. Artilleriya taqımında xidmət edib. Füzuli uğrunda gedən döyüşlərdə başından qəlpə yarası alıb. Müharibə günlərində Şəmsəddin onunla telefonla əlaqə saxlayır və deyirmiş: "Sən nişanlısan, özünü qoru". Anasına isə zarafatla deyib ki, Şəhriyarın toyunda mənə elə kostyum alarsınız ki, bəylə yanaşı dayananda bizi bir-birimizdən ayıra bilməsinlər".

Şəmsəddinin xətrini komandiri çox istəyir, inşallah müharibə qurtaracaq, qələbəmizdən sonra Masallıya sənin toyuna gələcəyəm, - deyib. Namərd düşmən Şəmsəddinin arzularını ürəyində qoydu.

Bu Novruz günlərində şəhidin qardaşı, Vətən müharibəsi iştirakçısı Şəhriyar Təhməzov xalası qızı, Saatlı rayon sakini, 2003-cü il təvəllüdlü Gülnarə İmran qızı Təhməzova ilə ailə qurub.

Toy günü gənc cütlük Masallı şəhərində ucaldılmış Qəhrəmanlar Parkında Şəhidlər Abidə-Kompleksini ziyarət edib. Bəy və gəlinlə birlikdə Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələrinin üzvləri, ziyalılar, xeyriyyəçilər, rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksələn qəhrəman oğulları ziyarət ediblər. Abidə-kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirələrini ehtiramla anıblar.

Gənc ailənin toyu bir elin-obanın böyük sevinci, xeyir-duası, xoş ovqatla qeyd olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".