ŞƏHİD ÖVLADININ AD GÜNÜ QEYD OLUNUB
Region

ŞƏHİD ÖVLADININ AD GÜNÜ QEYD OLUNUB

Nur Əsgərli şəhidlik zirvəsinə ucalmış Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qızıdır. Əmisi Nurlan Əsgərli də Aprel döyüşlərində şəhid olub. Torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi igidliyə, fədakarlığa görə o, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunub.

İntiqamın üç il əvvəl dünyaya göz açdığı körpəsinə əmisinin xatirəsi şərəfinə Nur adı qoyulub. Ailədə Nurun İntiqam adlı ondan kiçik qardaşı da böyüyür. Vətən müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətindən sonra dünyaya gəlmiş oğluna onun adı qoyulub. Əsgərlilər ailəsi Masallı rayonunun Viləş kəndində yaşayır.

İntiqam Əsgərlinin yadigarı olan Nurun 3 yaşı tamam olub. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, icra aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, partiya fəalları Nurun doğum günü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə şəhid övladına ad günü münasibətilə təbrik sözləri, xoş arzular deyilib, hədiyyələr təqdim olunub.

Nur Əsgərlinin böyüyüb tərbiyə aldığı "Viləş" uşaq bağçasında da doğum günü qeyd edilib. Bağçanın direktoru Şəfa Allahverdiyeva üç yaşlı fidanı təbrik edərək şəhid övladlarına xüsusi qayğı göstərməyin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirib.

Nurun ad günü ilə əlaqədar bağçada əyləncəli proqram təqdim olunub. Bir-birindən maraqlı personajların ifasında Nur Əsgərliyə təbriklər, xoş arzular çatdırılıb, şən mahnı və rəqslər ifa edilib. Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə çalışan döyüş dostları da təbriklərə qoşulub və Nura qiymətli hədiyyə təqdim ediblər.

Tədbirdə Nur Əsgərlinin nənəsi - iki şəhid anası Ziba Əsgərova şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".