Şəhid olsam, övladlarım fəxrlə “Vətən sağ olsun!
Sosial həyat

Şəhid olsam, övladlarım fəxrlə “Vətən sağ olsun!" desinlər

2020-ci il Azərbaycan tarixinə Zəfər ili, torpaqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olan 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalacaq mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edilmişdir.

44 gün davam edən Vətən müharibəsində qazanılan qələbə qəhrəman döyüşçülərimizin, qazi və şəhidlərimizin bizə ərməğanıdır.

Vətən müharibəsi şəhidi Qəhrəmanov Ruslan Mehman oğlu 1988-ci il oktyabr ayının 6-da Almaniyada hərbçi ailəsində dünyaya göz açıb. Atası Mehman Qəhrəmanov Birinci Qarabağ döyüşlərində iştirak edib, müharibə veteranıdır. Şəmkirin Keçili (indiki Xuluf) kəndində böyüyüb başa çatan şəhidimiz kənddə Rövşən İsmayılov adına 2 saylı orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb. Vətənə olan hədsiz sevgisi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparıb. Liseyi bitirdikdən sonra Ali Hərbi Məktəbə qəbul olub və leytenant kimi Vətənə xidmətə başlayıb.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun kapitanı Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Dostlarından biri ona "sən general olacaqsan" demişdi. Döyüşlərdən öncə ona "çalış şəhid olma, körpə balaların səni gözləyir", - deyən dostuna isə Ruslan "mən ora elə şəhid olmağa gedirəm", - deyə cavab vermişdi. Qızlarına isə tapşırmışdı ki, "mən şəhid olanda öndə siz gedin, bayrağımızı tutaraq, fəxrlə "Vətən sağ olsun deyin!". Şəhidimizin son sözləri "Tam hazıram mən hər şeyə. Mən şəhid olsam, oğlum gəlir əvəzimə. Gözüm arxada qalmayacaq" olmuşdur. Ən böyük arzusu döyüşərək Kəlbəcərə girmək olan igidimizin, hətta məzar daşında da qardaşına olan son sözləri, son arzuları yazılıb: "Nə həyəcanla gözləyirəm gecənin o qaranlığında Kəlbəcərə girməyi"…

XTQ kapitanı Ruslan Qəhrəmanov 2020-ci il oktyabr ayının 5-də Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. İki qızı və bir oğlu yadigar qalıb. Döyüşlər başlayanda qoxusuna doymadığı Yusif balası 10 günlük idi.

Ruslana məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Canını Vətən yolunda qurban verən Ruslan qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

 M.MİRZƏ,

"Respublika".