Şəhid olmuş hərbi qulluqçuların xatirəsinə əbədi ehtiram
Sosial həyat

Şəhid olmuş hərbi qulluqçuların xatirəsinə əbədi ehtiram

Dövlət Sərhəd Xidmətinin Aviasiya Qüvvələrində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.

Abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırmış, mərasimin Azər­baycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin builki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhvali-ruhiyyə ilə qarşıladıqlarını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəti­cəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Vətən müharibəsində Müzəffər Ali Baş Koman­danı­mız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının sərhədçilər tərəfindən uğurla icra edildiyi, ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirmələri qeyd olunmuşdur.  

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin təd­qiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yeni­lik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparat­larının sinxron­laşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmışdır. 

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radioelektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikasının, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilmişdir.

Bildirilmişdir ki, abidənin ucaldılması torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əmə­liy­yatlarında şəhid olmuş Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu, o cümlədən pilot zabitlərimiz - mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun, bütünlükdə şəhidlərimizin xatirəsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümüdür.

Tədbir zamanı Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhə­ri­nin azad olunma­sında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüv­vələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhəd­çi­lərə orden və medallar təqdim olun­muş­dur. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.