Şəhid məzunların əbədi xatirəsi
Region

Şəhid məzunların əbədi xatirəsi

ADPU-nun Şamaxı filialında şəhid məzunların anım günü və "Qorxmaz leytenant" kitabının təqdimat mərasimi olub. Azərbaycan Dövlət Himninin səsləndirilməsi və xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə "Qorxmaz leytenant" adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən geniş bəhs edib.

Şəhid məzun Orxan Nəbiyevin atası Rza Nəbiyev Vətən müharibəsində zəfərimizin qazanılmasında vətənpərvər gəncliyi yetişdirən təhsil müəssisələrinin rolundan geniş söhbət açaraq Orxanın döyüş yoldaşlarının onun haqqında dediklərini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.

"Qorxmaz leytenant" ləqəbi qazanmış qəhrəman şəhid məzun Orxan Nəbiyevə həsr olunmuş eyniadlı kitabın müəllifi Təranə Məftun çıxışında qəhrəman şəhidimiz Orxan Nəbiyev haqqında qələmə aldığı kitabla bağlı tədbir iştirakçılarına məlumat verib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən geniş söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsindəki əhəmiyyətindən danışıb.

M.NƏRİMANOĞLU,

"Respublika".