Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı “Media şəhidləri” parkını ziyarət ediblər
Sosial həyat

Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı “Media şəhidləri” parkını ziyarət ediblər

Bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailə üzvləri Qubadakı “Media şəhidləri” parkını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.

Şəhid media nümayəndələrinin ailə üzvləri Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə parkda ucaldılan abidənin qarşısına gül dəstələri düzüb, şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov bildirib ki, Azərbaycanın media nümayəndələri şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı döyüş bölgəsində xidməti vəzifələrini şərəflə yerinə yetiriblər. Bu parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi əbədiləşdirilib. Bu park qısa vaxtda Quba sakinlərinin və şəhərə gələn qonaqların daimi ziyarət yerinə çevrilib.

Sirac Abışovun və Məhərrəm İbrahimovun ailə üzvləri şəhidlərimizin xatirəsinin yaşadılması üçün həyata keçirilən tədbirlərə, xüsusilə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC