Şəhid jurnalist Sirac Abışovun xatirəsi məzarı önündə anılıb
Sosial həyat

Şəhid jurnalist Sirac Abışovun xatirəsi məzarı önündə anılıb

Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı" memorial kompleksində şəhid jurnalist - AzTV-nin operatoru Sirac Abışovun anım mərasimi keçirilib. Mərasimdə Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin təhsil aldığı Sumqayıt şəhəri 40 saylı məktəbin direktoru İlqar Həbibullayev, sabiq batalyon komandiri Dağbəyi Məhyəddinov, jurnalist Asif Talıboğlu və başqaları çıxış edərək ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, dövlətimizin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün gördüyü tədbirlərdən danışıb, Sirac Abışov barədə xatirələrini bölüşüblər.

Şəhidin atası Abış Abışov və qardaşı Şirzad Səmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində 2021-ci il iyunun 4-də minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Sirac Abışov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sirac ailəli idi, Özgür adında bir övladı var.

AZƏRTAC