Şəhid jurnalist Məhərrəm İbrahimovun 40-cı doğum günü doğma kollektivi AZƏRTAC-da qeyd olundu
Sosial həyat

Şəhid jurnalist Məhərrəm İbrahimovun 40-cı doğum günü doğma kollektivi AZƏRTAC-da qeyd olundu

O, həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist idi. 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam olunmuşdu. Düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Söhbət şəhid jurnalist Məhərrəm İbrahimovdan gedir. O, daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı. Sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. Ötən il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər bütün kollektivi sarsıtdı: AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan televiziyasının operatoru Sirac Abışov minaya düşərək şəhid olublar.

Bu barədə şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da keçirilən anım mərasimində danışılıb. Doğma kollektiv onun 40-cı doğum gününü ailə üzvləri - həyat yoldaşı Bahar xanım, övladları Uğur və Toğrulla birgə qeyd ediblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov mərasimdə çıxış edərək Məhərrəm İbrahimovun jurnalistlik fəaliyyətindən danışıb, xatirəsinin daim uca tutulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbənin qazanılmasına yumruq kimi birləşən xalqımızın sağlam düşüncəli hər bir nümayəndəsi öz töhfəsini verib. AZƏRTAC-ın kollektivi də Vətən müharibəsinin ilk günlərindən rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, döyüş meydanında əldə etdiyi misilsiz uğurları barədə xəbərləri xalqımıza və dünyaya çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb. Agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında çoxsaylı çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Onlardan biri də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Məhərrəm İbrahimovdur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. AZƏRTAC-ın binasında Məhərrəmin xatirə guşəsi yaradılıb, işğaldan azad olunan ərazilərdə erməni vandalizmini salnamələşdirən həmkarlarımızdan bəhs edən fotostend quraşdırılıb.

Şəhid jurnalistin ailə üzvləri də yüksək diqqət və qayğı ilə əhatə olunublar. Agentliyin rəhbərliyi və kollektivi onların problemləri ilə daim maraqlanır, lazımı kömək göstərilir.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, şəhid atası Dağbəyi İsmayılov Məhərrəmin Vətəninə və peşəsinə sadiq jurnalist olduğunu, kollektivin böyük hörmətini qazandığını, xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb.

Anım mərasimində çıxış edən iş yoldaşları, dostları ürək sözlərini dilə gətiriblər. Onunla illərlə bir şöbədə çalışmış Həsrət Mahmudovanın, redaksiya müdiri Elvin Mövsümovun, Məhərrəmin uşaqlıq dostu İsa Kərimovun bölüşdüyü xatirələr mərasim iştirakçılarını duyğulandırıb.

Agentliyin cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qrupunun üzvləri, Məhərrəmlə birlikdə çiyin-çiyinə çalışmış fotomüxbirlər Rəşad Mehdiyev, Azər İbrahimov, Roman İsmayılov işğaldan azad olunmuş ərazilərdə həyata keçirdikləri vacib missiyadan danışıblar. Bildiriblər ki, kənd-kənd, küçə-küçə gəzərək erməni vandalizminin izlərini qeydə alırdılar. Bir komanda olaraq hər kəs tapşırılmış vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırdı: Bəzən çox yorulurduq. Lakin heç birimiz bunu dilə gətirmək istəmirdik. Məhərrəm yaşca hamımızdan böyük idi, bizi ruhlandırmaq üçün tez-tez deyərdi ki, bu torpaqların azadlığı uğrunda neçə-neçə igid oğullar həyatlarını, sağlamlıqlarını qurban verdilər. Biz də öz peşə borcumuzu, üzərimizə düşəni yerinə yetirməliyik.

Şəhid jurnalistin oğlu Uğur, AZƏRTAC-ın əməkdaşlarının övladları Selcan və Özgür Vətən, Qarabağ, qəhrəmanlıq haqqında şeirlər söyləyiblər.

Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar xanım yüksək diqqət və qayğıya görə agentliyin kollektivinə minnətdarlığını bildirib.

Anım mərasimində Məhərrəmin müxbirlik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

AZƏRTAC