Şəhid bulaq kompleksi
Region

Şəhid bulaq kompleksi

Tovuz şəhərində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nağıyev Pərviz Güloğlan oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Fuad Rzayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Pərviz Nağıyevin şərəfli həyat yolundan bəhs ediblər. Pərviz Nağıyev 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Qeyd edilib ki, şərəfli döyüş yolu keçən Pərviz və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə çavuş Nağıyev Pərviz Güloğlan oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xatirə bulağının açılışında məktəblilərin və körpələr evi-uşaq bağçasının fidanlarının ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Vəli VƏLİYEV,

"Respublika".