Şəhid baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunub
Sosial həyat

Şəhid baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunub

Baş leytenant Fuad Bağırovun nəşi bu gün günorta saatlarında Şirvan şəhərinə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi izdihamla qarşılanıb və onun doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Sonra şəhidin nəşi dəfn üçün Şəhidlər xiyabanına gətirilib.

Yaylım atəşi altında şəhid Baş leytenant Fuad Bağırov torpağa tapşırılıb.

Dəfn mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, baş leytenant Fuad Bağırov qarlı hava şəraiti nəticəsində Kəlbəcər rayonunun Alagöllər ərazisində itkin düşmüşdü. Onun nəşi üç gün aparılan axtarışlardan sonra tapılıb.

Fuad Bağırov 1991-ci il noyabrın 3-də Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb və ordu sıralarında xidmət edib.

Ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayan Fuad Bağırovun bir oğlan və bir qız övladı yadigar qalıb.

AZƏRTAC