Şəhid  ailəsi  ziyarət  olunub                                                                             
Region

Şəhid  ailəsi  ziyarət  olunub                                                                             

Torpaqlarımızın  işğaldan  azad  edilməsi   uğrunda  gedən  Vətən  müharibəsində  qəhrəmancasına  döyüşərək  şəhidlik  zirvəsinə  ucalan  şəhidlərimizin  doğum  və  anım  günlərində  onların  ailələrinin,  məzarlarının  ziyarət  olunması  Beyləqan  rayonunda   ənənə  halını  alıb.  Beyləqan  Rayon  İcra Hakimiyyətinin  başçısı  Asif  Ağayev,  aparatının  məsul  əməkdaşları,  Dövlət Təhlükəsizlik  Xidmətinin  Beyləqan  Rayon  Şöbəsinin,   Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə Dövlət  Xidmətinin  Beyləqan  Rayon  Şöbəsinin  rəhbərliyi   İkinci  Qarabağ  müharibəsi  zamanı  şəhid olmuş  Məmmədov  Emin  Fazil  oğlunun  ailəsinə  onun  doğulduğu   Birinci  Şahsevən  kəndində   baş çəkdilər.

RİH-in  başçısı  Asif   Ağayev  şəhidimizin  ailə  üzvləri  ilə  söhbət  aparıb,  onları  narahat  edən  problemlərlə  tanış  oldu.  Rayon  rəhbəri   Ali  Baş  Komandan,  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan  Ordusunun   İkinci  Qarabağ  müharibəsində  iştirak  edən  hər  bir əsgər  və  zabitinin,  Böyük  Zəfərimizin  əldə  olunmasında  misilsiz  xidmətlər  göstərdiklərini,  Vətən uğrunda  canını  fəda  edən  qəhrəmanların  əbədiyyətədək  xalqımızın  yaddaşında   yaşayacağını   bildirdi.   Mərasim   iştirakçıları  torpaqlarımızın  azadlığı  uğrunda  canlarından  keçən  Birinci  Şahsevən  kəndindən  olan  şəhidlərimizin  və   Emin  Məmmədovun   məzarlarını  ziyarət  edib,  üzərinə  tər  qərənfillər  düzüb,  ruhlarına  ehtiram  əlaməti  olaraq  dualar  oxudular.
Şəhidin  ailə  üzvləri  onlara  göstərilən  diqqət  və  qayğıya  görə,  ölkə  Prezidenti  İlham  Əliyevə   və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya   minnətdarlıqlarını  bildirdilər.

44  günlük  İkinci  Qarabağ  müharibəsində  qəhrəmanlıqla  döyüşərək  şəhidlik  zirvəsinə yüksələn  Məmmədov  Emin  Fazil  oğlu  1997-ci ilin noyabr  ayının 10-da Beyləqan   rayonunun   Birinci  Şahsevən  kəndində  anadan  olub.  Hərbçi olmağı,  vətənə,  xalqa  xidmət  etməyi  özünə  şərəf bilən  Emin  “N”  saylı  hərbi  hissələrin  birində  hərbçi  kimi  fəaliyyətə  başlamışdır.   Vətən müharibəsi  başlayan  zaman  Emin  də  döyüşlərə  qatılmış  və  döyüş  yolu  Füzuli,  Cəbrayıl  və Hadrutdan  keçmişdir.  Emin  bu  döyüşlərdə  qəhrəmanlıq  nümunəsi   göstərərək  döyüş   yoldaşları ilə  birlikdə  çoxlu  sayda  düşmən   məhv  etdi.  3  noyabr   onun  son  döyüş  günü  oldu. Daşaltı  uğrunda  gedən  şiddətli  döyüşdə  Emin  qəhrəmancasına   şəhidlik  zirvəsinə  ucaldı.  
Azərbaycan  Respublikasının   Prezidenti   İlham  Əliyevin  müvafiq  Sərəncamı  ilə  ölkəmizin   ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında   iştirakına  və  hərbi  hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Emin  Fazil  oğlu   Məmmədov   ölümündən  sonra  "Vətən uğrunda",  "İgidliyə görə", "Füzulinin  azad  olunmasına görə"  və  "Şuşanın  azad  olunmasına  görə" medalları  ilə təltif edilib.

              Ərəstun   ABDULOV,       

             “Respublika”.