Şəhid ailəsi və qazi ilə görüş
Sosial həyat

Şəhid ailəsi və qazi ilə görüş

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilir ki, Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü münasibətilə tədbir keçirilib.

ETİ Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova qazanılan böyük zəfərdə şəhidlərimizin əvəzedilməz rolundan danışıb. A.Nəzərova bildirib ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər öz adlarını xalqın tarixi yaddaşına əbədi həkk etdilər.

Şəhid Elçin Bağırovun atası Yunus Bağırov Elçinin şərəfli həyat yolundan və döyüş xatirələrindən danışıb. Oğlunun hələ uşaqlıq illərindən vətənə xüsusi bağlılığını deyən Y.Bağırov onun şəhidlik məqamına ucalmasının təsadüfi olmadığını bildirib.

Tədbirdə Birinci Qarabağ müharibəsinin qazisi Şakir Albalıyev ağır, məşəqqətli, lakin şərəfli döyüş yolundan danışıb, müharibə təəssüratlarını bölüşüb.

Elm Tarixi İnstitutunun əməkdaşları çıxış edərək şəhid məqamının əzəmətindən, onların əziz xatirəsinin daim ehtiramla yad olunacağından danışıblar.

Sonda Elm Tarixi İnstitutunun əməkdaşları məhz belə bir örnək oğul yetişdirdiyi üçün Yunus Bağırova, xüsusi döyüş yolu keçən qazi Şakir Albalıyevə və onların ailələrinə mənəvi-maddi dəstəklərini ifadə ediblər.

Kamil İSMAYIL,

"Respublika".