ŞƏHİD AİLƏLƏRİNƏ, QAZİLƏRƏ, MÜHARİBƏ İŞTİRAKÇILARINA DİQQƏT VƏ QAYĞI DAVAMLIDIR
Sosial həyat

ŞƏHİD AİLƏLƏRİNƏ, QAZİLƏRƏ, MÜHARİBƏ İŞTİRAKÇILARINA DİQQƏT VƏ QAYĞI DAVAMLIDIR

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq cəmiyyətimizin mənəvi borcudur.  Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.

Hazırda də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli xarakter daşıyır. Belə ki, praqmatik dövlət başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin daha da yaxşılaşdırılması ölkə rəhbəri tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, ölkə Prezidentinin müvafiq sərəncamı ilə İcra Hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi bu işlərə stimul verir.

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları mütəmadi qəbul edilir, dinlənilir və razı salınır. Bu günlərdə Şəhid Cəfərov Surxay Cümşüd oğlunun anası Cəfərova Gülara İmran qızı və qardaşı Cəfərov Füzuli Cümşüd oğlu qəbul edilmişdir. Qəbul zamanı şəhid ailəsinin maddi-məişət şəraiti ilə maraqlanılmış və qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciətin müsbət həlli olaraq, gələcəkdə mənzillə təmin olunması üçün növbəyə alınması haqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ona təqdim edilmişdir. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 2004-cü ildən 2005-ci ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Zabit XƏLİLOV,

“Respublika”.