Şəhid ailələri ziyarət edilib
Sosial həyat

Şəhid ailələri ziyarət edilib

Ağdam həm də şəhidlər yurdudur. 1988-1993-cü illərdə altı min nəfərdən çox ağdamlı torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olub, yüzlərlə insan əlillik taleyi yaşayır.

Birinci və İkinci Qarabağ müharibəsində ağdamlılar dəhşətli günlər və ağrılar yaşayıblar. Şəhid xəbəri iki evdən birinin qapısını döyüb, bir ailədən iki, üç nəfər Vətən müharibəsində iştirak edib, ata oğulları, qardaş qardaşı ilə birlikdə işğalçılara qarşı döyüşüb. Şəhid oğul atanın, şəhid qardaş qardaşın çiynində son mənzilə yola salınıb, əbədiyyətə qovuşub. Buna baxmayaraq, Ağdam camaatı heç vaxt ruhdan düşməyib, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda silaha sarılıb.

Ağdamda Vətən müharibəsində şəhid olan əkiz qardaşlar  Nazir Xasay oğlu Allahverdiyev və  Tacir Xasay oğlu Allahverdiyevin doğum günü onların Çullu kəndindəki qəbirüstü abidələri önündə qeyd edilib. Ali məqama yüksələn şəhidlərdən əkiz qardaşların taleyi hər kəsi ağrıtsa da, onların adı, qəhrəmanlığı heç zaman unudulmayacaq.

Rayonun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa və qısa oldu. Hər iki qardaş iyirmi yaşında öz canlarını Vətənə, torpağa fəda etdi. Heç vaxt bir-birilərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə də bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda da bir yerdə döyüşdülər. Bu müqəddəs yolda, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda eyni gündə şəhid oldular.

Şəhidlərin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərovun, aparatın əməkdaşlarının, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin, şəhid ailələrinin, qazilərin iştirak etdiyi anım tədbirində  şəhidlərin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək abidələri önündə sayğı duruşuna dayanıblar.

Sonra şəhidlərin döyüş yoluna nəzər salınıb. Çıxış edənlər Nazir və Tacir qardaşlarının vətən naminə göstərdiyi qəhrəmanlıqdan,  onların vətən sevgisindən geniş söz açaraq qeyd ediblər ki, Azərbaycanın qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.

Şəhid qardaşlar Nazir və Tacir Allahverdiyev qardaşları Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabr 2020-ci ildə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda  gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olublar. Taleyin qismətinə baxın, eyni gündə doğulan qardaşlar eyni gündə də şəhid oldular.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun əsgərləri Nazir və Tacir Allahverdiyev   qardaşları ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.

On bir ayın sultanı, mərhəmət, qardaşlıq, bərabərlik, xeyirxahlıq ayı olan Ramazanın müqəddəs günlərində şəhid ailələri ziyarət olunur, onların üzləşdiyi problemlər həll edilir, onlara sovqatlar paylanır. Dövlət qayğısı ilə əhatə olunan şəhid ailələri və qazilər onlara göstərilən diqqətdən razılıq edirlər. Bayram münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının və “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin nümayəndələri rayon ərazisində yaşayan bir qrup şəhid ailəsini ziyarət ediblər. Vətən müharibəsi şəhidləri Nazir və Tacir Allahverdiyev qardaşlarının, Anar Yusifovun, Hassan Xalidin və Ramin Zeynalovun ailələri ziyarət olunub.

Salman ALIOĞLU,

“Respublika”.