Şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi
Sosial həyat

Şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanılıb. 50 mənzil Samux və Şəmkir rayonlarının bu kateqoriyalardan olan sakinlərinə təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazir dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə 11 min mənzil və fərdi evin veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz uçota alındıqdan çox qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. Bu da dövlət başçısının Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərinə xüsusi qayğısını bir daha təzahür etdirir.

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.

Yeni mənzillə təmin edilən vətəndaşlar ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərin sonsuz qürur hisslərinin əsrlər boyu xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Onlar şəhid ailələrinin və müharibə əlillərinin sosial dəstəklə təmin edilmələri, rifah halının yaxşılaşdırılması üçün aparılan işlərdən razılıqla söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

M.MUSTAFAYEV,

"Respublika".