Şəhərsalma ilə bağlı postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir
Siyasət

Şəhərsalma ilə bağlı postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir

"Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev  Ağdamda ilk dəfə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı    söyləyib. Dövlət başçısı  bildirib ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri ərazilərin minalardan təmizlənməsidir.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ağdam Forumunun BMT-nin Məskunlaşma Proqramı  UN-HABITAT-ın təşəbbüsü ilə qeyd olunan qlobal "Urban October" - Şəhərsalma ayı çərçivəsində keçirilməsi tədbirin əhəmiyyətini daha da artırırdı. Bu baxımdan, forum bütün dünyada keçirilən tədbirlər silsiləsinə öz layiqli töhfəsini verəcək. Şəhərsalma sahəsində nadir platforma olan Foruma 40-dan çox ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400-dən çox iştirakçı qatılıb. Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusundadır və buna hazırdır. Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir. Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə evsahibliyi edib.

Şəhərsalmaya dair ölkənin qarşısında duran vəzifələr Forumda  ətraflı müzakirə olunub. Məqsəd dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır. İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib. Bununla yanaşı, Forumda  işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində təklif edilən yeni modellər də dəyərləndirilib.

Forumda qeyd olunub ki, Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğala məruz qalması nəticəsində 900-dək yaşayış məntəqəmiz tamamilə dağıdılıb, 1 milyon hektardan çox torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs obyekti məhv edilib. Ölkəmiz ərazi bütövlüyünü  2020-ci ildə hərbi yolla bərpa etdi.  Hazırda  qarşıda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərin tezliklə bərpası və ölkə həyatına tam inteqrasiyası, doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıdışıdır.  Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri - ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələ baza infrastrukturunun yaradılması mərhələsidir. Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məsələlərə xüsusi diqqət yetirilir.

Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. Ağdamda bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələr yekunlaşacaq. Gələn ildən sosial təsisatlar, yəni həm şəhərin mərkəzi, həm də ətraf kəndlərin bərpa və yenidənqurma işlərinin başlanması üçün tələb olunan əsas layihələrə start veriləcək.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, "ağıllı kənd", "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarını tətbiq edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Yenidənqurma prosesində başlıca məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır.

"Füzulidəki Hava Limanı, Ağdamdakı bu gözəl konfrans məkanı, Azərbaycan Respublikasının Hökumətinin     şəhərsalma ilə bağlı postmünaqişə dövründə gördüyü işlər təqdirəlayiqdir.   Siz öz vətəndaşlarınız üçün çox parlaq bir gələcək qurursunuz". Bunu Forumda çıxışı zamanı deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif bildirib ki, əsas məsələ heç kəsi və heç bir məkanı inkişafdan geridə qoymamaqdır. BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, təşkilatın Azərbaycandakı nümayəndəliyi iqtisadiyyat, ətraf mühit və Böyük Qayıdış proqramına dəstək verməyə hazırdır. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT, Avropa İttifaqı, Dünya Bankının ekspertlərindən ibarət missiyası bu ilin martında Azərbaycana səfər edib, Ağdam rayonunda da müvafiq işlər aparıb.

Forumda işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialın səfərbər edildiyini, irimiqyaslı infrastruktur layihələrin icra olunduğunu qeyd edən ölkə başçısı vurğulayıb: "Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir". Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından  uğurlu platforma olduğunu təsdiq etdi.

Mustafa KAMAL,

"Respublika".