Şəhərə bənzəyən Dağ Kəsəmən kəndi
Region

Şəhərə bənzəyən Dağ Kəsəmən kəndi

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr nəticəsində nəinki şəhərlərimiz, kəndlərimiz də gündən-günə öz simasını tamamilə dəyişir. Aparılan infrastruktur layihələri yaşayış məntəqələrini abadlaşdırır, müasirləşdirir və gözəlləşdirir. Ağstafada son illərdə rayon mərkəzi ilə yanaşı, digər yaşayış məntəqələrində də quruculuq, abadlıq, tikinti işləri geniş vüsət almışdır. Bu günlərdə Ağstafa və Qazax şəhərləri arasında yerləşən Ağstafanın ən böyük kəndi Dağ Kəsəməndə olduq. İcra nümayəndəsi İbrahim Qiyasbəyov kənd haqqında geniş məlumat verərək bildirdi ki, Dağ Kəsəmənin əhalisi 7523 nəfər təşkil edir. Kəndin ümumi ərazisi 5268 hektardır. Bundan 4468 hektar kənd təsərrüfatı təyinatlı torpaqdır,o cümlədən 1632 hektar əkinəyararlı, 2688 hektar örüş sahəsi, 948 hektar isə digər kateqoriyadan olan torpaqlardır. Təsərrüfatdaxili yolların uzunluğu 142 kilometr təşkil edir. Kənd əhalisinin əsas məşğuliyyəti aqrar sektorla əlaqədardır. Cari ilin məhsulu üçün 836 hektar sahədə buğda, 160 hektarda arpa əkilib-becərilmişdir. Məhsuldarlıq hər hektardan 30 sentnerdən artıq buğda, 27 sentnerdən yuxarı arpa olmuşdur. Kənddə 102 hektar təzə yonca, 5,5 hektar çöl noxudu, 21 hektar qarğıdalı, 22 hektar günəbaxan, 34 hektar kartof, 29,2 hektar tərəvəz bitkiləri, qalan sahədə isə digər bitkilər əkilib-becərilir və bağçılıq inkişaf etdirilir. Əkin sahələrinin suvarma suyuna olan tələbatı Ağstafaçay Su Anbarından götürülən su hesabına və subartezian quyuları vasitəsilə ödənilir. Qeyd etmək lazımdır ki, suvarma suyu ilə bağlı heç bir problem yaşanmamışdır. Eyni zamanda, əhalinin içməli suya olan tələbatı tam ödənilir. Dağ Kəsəməndə müasir standartlara cavab verən 2 tam orta məktəb, 2 uşaq bağçası fəaliyyət göstərir. Bununla yanaşı, mədəniyyət evi, kitabxana və klubda kənd sakinləri asudə vaxtlarını səmərəli keçirirlər. Sakinlərin sağlamlığının qorunması üçün kənddə tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi fəaliyyət göstərir. Dağ Kəsəməndə şəhidlərin xatirəsi daim ehtiramla anılır.

Bu günlərdə Dağ Kəsəmənin mərkəzi Heydər Əliyev küçəsində həyata keçirilən abadlıq və əsaslı yenidənqurma işləri çərçivəsində şəhidlərimizin xatirəsinə inşa olunmuş “Xarıbülbül” abidəsinin və “Şəhidlər” abidə- kompleksinin açılışı olub, istirahət parkı istifadəyə verilib. Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin doğmaları, qazi və Qarabağ müharibəsi veteranları, eləcə də rayon ictimaiyyəti və KİV-in nümayəndələri iştirak ediblər. Abidə-kompleksində vətən uğrunda canlarından keçmiş Dağ Kəsəmən kəndindən olan birinci Qarabağ və Vətən müharibəsi şəhidlərimizin xatirə lövhələri həkk olunub.

Tədbirdə çıxış edən şəhidlərimizin doğmaları və müharibə iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Bundan başqa, kəndin görkəmli yerlərindən birində 1-ci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Dağ Kəsəmən sakini Arif Qədiməliyevin heykəli ucalır. Həmin ərazidə kiçik park salınmışdır. Ümumiyyətlə, kənddəki şəhid abidələrinin və bulaqların ətrafında səliqəli parklar mövcuddur. Dağ Kəsəməndə 1941-1945-ci illərdə böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Müseyib Allahverdiyevin xatirəsinin əbədiləşdirilməsi üçün heykəli qoyulmuş, ətrafında səliqəli istirahət parkı salınmışdır. Burada gecə işıqlandırması quraşdırılmış və su çəkilmişdir. Bu ərazi də sakinlərin və qonaqların istirahət məkanlarındandır. Kənddə əhalinin normal gediş-gəlişi, təsərrüfat əlaqələrinin yaxşılaşdırılması üçün kəndarası yollara qum-çınqıl səpilmiş, yollar səliqəyə salınmışdır. Əvvəllər kəndin Ağstafa şəhəri istiqamətindən girişindəki avtomobil yolu bərbad vəziyyətdə idi. Hazırda uzunluğu 2.2 kilometr olan yolda yenidənqurma işləri aparılmış, müasir standartlara uyğun qaydada təmir olunmuş, yeni asfalt örtüyü salınmışdır. Yol kənarlarında piyadaların rahat hərəkəti üçün geniş səkilər tikilmiş, bəzəkli gecə lampaları quraşdırılmışdır ki, mübaliğəsiz demək olar ki, bu da gecələr kəndə xüsusi gözəllik verir və kəndi şəhərə bənzədir. Kənddə küçələrin təmizliyinə xüsusi diqqət yetirilir. Mərkəzi küçələrdə məişət tullantıları qutuları qoyulmuş və vaxtaşırı olaraq məişət tullantıları poliqona daşınır.

Bir sözlə, Dağ Kəsəmən kəndində həyata keçirilən infrastruktur layihələri sayəsində kənd heç də şəhərdən fərqlənmir.

Vəli VƏLİYEV,

“Respublika”.