Səfir: Somali Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini hər zaman dəstəkləyib
Siyasət

Səfir: Somali Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini hər zaman dəstəkləyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 11-də Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Somali ilə mövcud dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək, bu əməkdaşlığın, həmçinin beynəlxalq platformalarda uğurla davam etdirildiyini vurğulayıb. Somalinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi məmnunluqla ifadə olunub.

Nazir, eyni zamanda, qarşı tərəfə bölgədəki son hadisələr, işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyət, o cümlədən bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən genişmiqyaslı dağıntılar, mina təhlükəsi, eləcə də bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında ətraflı məlumat verib.

Səfir Cama Abdullahi Mohamedi ölkələrimiz arasında mövcud olan yaxın tarixi və mədəni əlaqələrə istinad edərək, Somalinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman dəstək verdiyini qeyd edib. Diplomat Azərbaycan xalqını və dövlətini qazanılmış böyük Qələbə münasibətilə təbrik edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə fikir mübadiləsi apardılar.

AZƏRTAC