Səfir M.N.Boçarnikov: Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı etimada əsaslanır
MÜSAHİBƏLƏR

Səfir M.N.Boçarnikov: Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı etimada əsaslanır

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun müsahibəsi

12 iyun Rusiya Federasiyasının milli bayramı - Rusiya Günüdür

–Rusiya-Azərbaycan münasibətləri həmişə xüsusi əhəmiyyət kəsb edib. Bir çox məsələlərdə ortaq çətinliklərimiz, uğurlarımız olub. Azərbaycanla Rusiya arasında siyasi münasibətlər hazırda hansı səviyyədədir?

–Ölkələrimiz arasında siyasi əlaqələr bütün əvvəlki mərhələlərdə olduğu kimi yüksək səviyyədədir. Lakin bu il biz daha bir addım irəli atdıq - fevralda Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni qəbul etdik. Bu sənəd hərtərəflidir və siyasi münasibətlərin yeni, daha da yüksək səviyyəsini müəyyənləşdirir.

İndi əsas məsələ bütün mümkün əməkdaşlıq sahələrini, o cümlədən siyasi sahəni əhatə edən bəyannamənin müddəalarına əsaslanaraq irəli getməkdir. Əminliklə demək olar ki, siyasi sfera bütün əməkdaşlığımızın fonunu müəyyən edir.

–Bir çox nüfuzlu ekspertlərin fikrincə, ölkələrimizin prezidentlərinin şəxsi münasibətləri, onların arasında formalaşmış dostluq və qarşılıqlı etimad dövlətlərimizin ikitərəfli münasibətlərində xüsusi rol oynayır.

–Şübhəsiz ki, Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin şəxsi münasibətləri dövlətlərarası münasibətlərin bütün spektri üçün başlıca meyardır. Bu münasibətlər çox konstruktivdir, qarşılıqlı rəğbət və qarşılıqlı etimada əsaslanır. Dövlətlərimizin başçıları arasında təmaslar müntəzəm xarakter daşıyır. Onların arasında daim telefon zəngləri və ya görüşlər baş tutur. Və sonra bu əhval-ruhiyyə Rusiya və Azərbaycanda həyatın bütün sahələrinə sirayət edir. Buna görə də şəxsi münasibətlər çox vacib amildir.

–Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Siz 50 ildən çox, o cümlədən münaqişələrin həlli sahəsində təcrübəyə malik bir diplomat kimi düşünürsünüz ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi finala yaxınlaşır və tərəflər sülh sazişi, eləcə də sərhədin delimitasiyası və demarkasiyası haqqında saziş imzalamağa yaxındırlar?

–Siz çox düzgün qeyd etdiniz ki, 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində ilkin rol oynadı. Bildiyiniz kimi, 2021-ci ilin yanvar və noyabr aylarında bu, daha iki üçtərəfli yüksək səviyyəli bəyanatla tamamlandı. Bütün bu bəyanatlar münasibətlərin normallaşması prosesinin əsasını təşkil edir.

Hazırda Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasının qarşısının alınması istiqamətində mühüm addım atılır. Mən üç ölkənin baş nazirlərin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli komissiyanın fəaliyyətini nəzərdə tuturam. Bu yaxınlarda, iyunun 3-də Moskvada növbəti iclas keçirildi və orada sərhəd və gömrük nəzarəti, insanların, malların, nəqliyyat vasitələrinin regionda hərəkəti ilə bağlı nəqliyyat əlaqələrinin həyata keçirilməsi üçün yeni anlaşmalar əldə olundu. İş gedir.

Deməzdim ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi artıq finala yaxınlaşıb. Bu, daha çox onun erkən mərhələsidir.

Bildiyiniz kimi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlar prosesi ilə yanaşı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işi ilə əlaqədar da irəliləyişlər var. Bu istiqamətdə hər iki tərəf birgə komissiyanın işində iştirak etmək üçün artıq öz milli nümayəndə heyətlərini formalaşdırıb. Moskva bu komissiyanın işinə məsləhətçi yardımı göstərəcək.

Sülh müqaviləsi adlandırılan məsələyə gəlincə isə, ilk addım atıldı - hər iki tərəfin bu məsələdə irəli getməyə hazır olması qeydə alınıb. Bakı Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərini masaya qoyub. Ermənistan tərəfi də öz təkliflərini irəli sürüb. Rusiya tərəfi isə bu danışıqlar prosesinə hər cür köməklik göstərməyə hazırlaşır.

–Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fəaliyyətini gücləndirib. Hazırda mövcud olan ciddi fikir ayrılıqlarına baxmayaraq, Rusiya Federasiyası və Aİ bu məsələdə əməkdaşlıq edə biləcəkmi?

–İlk növbədə Avropa Birliyinə müraciət etmək daha məqsədəuyğun olardı. Yenə deyirəm, amma bu çox vacibdir - yuxarıda qeyd etdiyimiz üçtərəfli yüksək səviyyəli bəyanatlar regionda normallaşma prosesinin əsasını qoydu. İndi bütün işlər məhz onların əsasında aparılır.

Aİ tərəfindən təşəbbüsü ələ keçirmək istəyi görünür. Onu da qeyd edim ki, Aİ-nin son bəyanatlarında yuxarıda haqqında danışdığım bəyannamələrin mövcudluğunun üstündən susqunluqla keçilir.

Bununla belə, mən hələ də inanıram ki, danışıqlar prosesində Aİ-nin regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan açılması istiqamətində razılaşdırılacaq konkret layihələrin maliyyələşdirilməsini öz üzərinə götürməsi daha faydalı olardı.

–Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər nə dərəcədə inkişaf edib və Siz qarşılıqlı əmtəə dövriyyəsi və investisiyaların yatırılması səviyyisindən razısınızmı?

–İqtisadi cəhətdən münasibətlərimiz səmərəli şəkildə inkişaf edir, lakin eyni zamanda, mənə elə gəlir ki, əmtəə dövriyyəsinin yüksək səviyyəsindən razı qalmaq prinsipcə mümkün deyil. Onu investisiyaların yatırılması kimi daha da inkişaf etdirmək istəyi həmişə var və olacaq. Buna baxmayaraq, Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəsmi məlumatlarına görə, son bir ildə ticarət dövriyyəmiz 3,4 milyard dollar təşkil etmişdir ki, bu da 2020-ci illə müqayisədə 16 faizdən çox artım deməkdir.

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, qarşılıqlı ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,44% artaraq 893,5 milyon dollara çatıb. Beləliklə, irəliləyiş göz qabağındadır. Ümid edək ki, bu ilin sonuna qədər biz ticarət dövriyyəmizin rekord həddinə - 4 milyard dollara yaxın səviyyəsinə çata biləcəyik. Hər halda, bunun baş tutması üçün hər şeyi edəcəyik. Belə artım üçün bütün ilkin şərtlər mövcuddur.

İnvestisiyalara gəlincə isə, məndə olan məlumatlara görə, Azərbaycanın neft sektoruna yatırılmış Rusiya investisiyalarının həcmi 5 milyard dollar, qeyri-neft sektoruna 1,3 milyard dollar, Azərbaycan tərəfinin Rusiya iqtisadiyyatına sərmayələri isə 1,2 milyard dollar təşkil edir.

Yeri gəlmişkən, Rusiya-Azərbaycan ticarət dövriyyəsindən danışarkən bunun səciyyəvi bir fərqini qeyd etməliyəm - ticarət dövriyyəsi inkişafın qeyri-neft sektoruna yönəlib. Bu baxımdan, o, Azərbaycanın bir sıra başqa ölkələrlə əmtəə dövriyyəsindən əhəmiyyətli dərəcədə fərqlənir və bu, Bakının xeyrinə olan bir fərqdir.

–Rusiyanın Azərbaycanla əmtəə dövriyyəsinin strukturu necədir?

–Rusiya Azərbaycana ilk növbədə ərzaq məhsulları və kənd təsərrüfatı xammalı tədarük edir. Ölkənizə ixracımızın təxminən 30%-i onların payına düşür. İkinci yerdə maşınlar, avadanlıqlar, nəqliyyat vasitələridir. Sonra ağac, sellüloz və kağız məhsulları. Bundan əlavə, metallar və onlardan əldə olunan məmulatlar, kimya sənayesi məhsulları. Azərbaycandan biz ilk növbədə ərzaq məhsulları və kənd təsərrüfatı xammalı, kimya sənayesi məhsulları və s. idxal edirik.

Deməli, bizim ixrac və idxalımızın

strukturu prinsipcə balanslaşdırılmışdır. Rusiyanın Azərbaycana ixracı Azərbaycanın Rusiyaya ixracından bir qədər çox olsa da, qeyd etmək istəyirəm ki, 2021-ci ildə bizim ixracımız 12%, Azərbaycanın ixracı isə 26,8% artıb.

–Qərbin artıq tətbiq etdiyi və hələ də gözlənilən anti-Rusiya sanksiyalarına görə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərdə ciddi dəyişikliklər gözləyirsinizmi?

–Mən iqtisadi əlaqələrimizə xələl gəlməsini gözləmirəm, ən azı ona görə ki, Azərbaycan bizim üçün dost ölkədir və bizə qarşı sanksiyalar tətbiq edənlər sırasına qoşulmayıb, biz bunu yüksək qiymətləndiririk. Lakin Rusiyaya qarşı tətbiq edilən qeyri-qanuni sanksiyalar nəticəsində bütövlükdə beynəlxalq vəziyyət bir qədər dəyişdi. Bu, bizim iqtisadi əlaqələrimizin, əksinə, hətta bir qədər aktivləşməsinə səbəb ola bilər. İlk növbədə, bu, dərhal diqqəti cəlb edən məsələyə - qida mövzusu və kənd təsərrüfatı məhsullarının qlobal təchizatına aiddir. Bir-birimizə ixracımızın əsasını kənd təsərrüfatı və ərzaq məhsulları təşkil etməsi ilə bağlı yuxarıda qeyd olunan müddəanı nəzərə alsaq, bu amilin əhəmiyyətinin artacağı şübhəsizdir, qarşılıqlı ticarətdə ərzaq məhsullarının xüsusi çəkisi daha da böyüyəcək.

–Geosiyasi və geoiqtisadi sıçrayışların yeni şəraitində Azərbaycanla Rusiya arasında iqtisadi-ticari əməkdaşlığın hansı sahələrini daha perspektivli görürsünüz?

–Ölkələrimiz arasında iqtisadiyyatlarımızın inkişafı üçün razılaşdırılmış uzunmüddətli proqramlar mövcuddur. Onların həyata keçirilməsi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qərarlarında ifadə olunub. Komissiyanın 20-ci, yəni yubiley toplantısı bu ilin aprelində keçirilib. Bir həftədən sonra isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun 25-ci yubiley toplantısı da baş tutacaq və biz yüksək səviyyəli Azərbaycan nümayəndə heyətinin gəlişini gözləyirik. İnanıram ki, iqtisadi əməkdaşlığın bütün sahələri üzrə intensiv danışıqlar aparılacaq. Hansı istiqamətləri müzakirə etmək olar? Birgə komissiyanın son iclasının qərarlarına əsasən, bunlara kənd təsərrüfatı ilə yanaşı, sənaye, enerji, rabitə və informasiya texnologiyaları, turizm, humanitar sahələr daxildir. Həmçinin kiçik biznesin inkişafı, bank işi, regionlararası biznes və orta biznesə yardım. Bütün bunlar iqtisadi komissiyanın sənədlərində öz əksini tapıb və müvafiq olaraq, iqtisadiyyatın konkret sahələri və qurumlar üçün fəaliyyətin həyata keçirilməsi üçün bir göstəriş qismində çıxış edir.

Ölkələrimizin regionları arasında iqtisadi əlaqələri daha da gücləndirmək üçün bu ilin ikinci yarısında Regionlararası əməkdaşliq forumunun yenidən keçirilməsinə ümid edirik. O, Azərbaycan ərazisində keçirilməlidir.

–Mədəniyyət, təhsil, turizm kimi sahələrdə dövlətlərarası əlaqələri necə xarakterizə edərdiniz?

–Vəziyyət belədir ki, ikitərəfli əməkdaşlıqda yuxarıda qeyd olunan sahələr arasında təhsil ön plana çıxır. Bu sahədə bəzi layihələr artıq uğurla həyata keçirilir. Belə ki, Bakıda, Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Tibb Universitetinin filialları artıq neçə ildir fəaliyyət göstərir. MDBMİ və ADA universitetləri arasında qarşılıqlı əlaqə qurulub. Amma bununla yanaşı, hökumətlərarası komissiyanın qərarlarında təhsil sahəsində, yəni ümumtəhsil məktəbləri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

İndi biz ölkənin ümumtəhsil müəssisələri üçün rus dili müəllimləri və rus dilində tədris olunan fənnlərin tədris səviyyəsinin yüksəldilməsi üçün Azərbaycana kömək etmək hesabına qarşılıqlı yardım yolu ilə irəliləməliyik. Biz dəfələrlə və müxtəlif səviyyələrdə Azərbaycan tərəfinin buna ehtiyacın olduğunu qeyd etmişik. Rus dilinin tədrisi üçün dərsliklərin hazırlanmasında da köməklik göstərə bilərik.

Mədəniyyət sahəsində biz irəli getməliyik. Təəssüf ki, koronavirus məhdudiyyətləri nəticəsində mədəni əlaqələr hazırda o qədər də inkişaf etmir. Hökumətlərarası komissiya son iclasında vurğuladı, mədəni əlaqələrə tələbat çox yüksəkdir və mən də görürəm ki, Azərbaycan əhalisi Rusiya mədəniyyətinə böyük maraq göstərir. Məsələn, bu yaxınlarda Bakıda Rusiyanın Dağıstanda çəkilmiş "Amanat" bədii filminin premyerası keçirildi. Zalın tam dolu olması və tamaşaçıların onu qəbuletmə tərzi Azərbaycanda bədii məhsullarımıza böyük tələbatın olduğunu təsdiqləyirdi. Bunun üzərində işləmək lazımdır.

Turizmə gəlincə, ümumi tendensiya ondan ibarətdir ki, rusiyalı turistlər kütləvi şəkildə Cənubi Qafqaza səyahət edirlər. Eyni zamanda, Azərbaycan rusiyalı turistlərin getdiyi ilk yerlərdən biridir. Bununla belə, turizmin daha da inkişafı üçün ölkələrimiz arasında hava nəqliyyatını genişləndirmək barədə düşünməliyik.

Prinsipcə, indi Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri ilə yanaşı, Azərbaycan şirkətlərinin də Rusiyaya reysləri açılıb. Şübhəsiz ki, bu, təmasların coğrafiyasını genişləndirir. Lakin sərnişinlərin sayının artmasını aviabiletlərin baha olması məhdudlaşdırır. Bu, həm də onunla bağlıdır ki, ölkələrimiz arasında quru sərhədi hələ də bağlıdır. Quru yol açılsaydı, öz maşınları ilə və ya qatarla, avtobusla səyahət edənlərin hesabına Azərbaycana rusiyalı turistlərin axını dəfələrlə artardı. Məsələn, sərhədlər bağlanmamış Rusiya turistləri sözün əsl mənasında kütləvi şəkildə Naftalana gəlirdi, bu da, şübhəsiz ki, Azərbaycanda turizmin genişlənməsinə təkan verirdi. İndi vəziyyət elədir ki, Azərbaycandan olan Rusiya vətəndaşları öz vətənlərinə qayıdaraq quru sərhədini keçə bilirlər, lakin Rusiyadan gələn Azərbaycan və Rusiya vətəndaşları bunu nadir istisnalarla edə bilirlər. Ümidvarıq ki, Azərbaycanda karantin rejimi yalnız iyulun 1-dək qüvvədə olduğu üçün, bu məsələ də öz həllini tapacaq.

–Artıq dörd ildir ki, Azərbaycandasınız. Azərbaycan, onun paytaxtı, insanları haqqında təəssüratlarınız necədir? Respublikanın rayonlarına tez-tezmi səfər edirsiniz?

–Bu illər ərzində Azərbaycanda olmağımla bağlı xoş, ən müsbət təəssüratlarım olub. Respublikanız yaşamaq və işləmək üçün rahat və komfortlu ölkədir, buna həm vətəndaşlarımızın, həm də Rusiya Federasiyasının  səfirliyində çalışan əməkdaşların yaşayış şəraiti və fəaliyyəti də dəlalət edir.

Bu 4 il ərzində Azərbaycanın əksər rayonlarında olmuşam. Son getdiyim rayonlar arasında Ağdam və Kəlbəcər olub. Buna görə də müxtəlif təbii və iqlim zonalarına malik bu ölkənin təbiətinin gözəlliyi haqqında yaxşı təsəvvürüm var.

Artıq qeyd etdiyim kimi, azərbaycanlılar bizim mədəni əlaqələrimizi həqiqətən yüksək qiymətləndirirlər və rus mədəniyyətini sevirlər. Bu, son nəticədə faydalı qarşılıqlı anlaşma mühiti yaradır. Xülasə: Azərbaycanlılar Rusiyaya yaxşı münasibət bəsləyir və ruslar da buna qarşılıq verirlər.

Sonda demək istərdim ki, bu müsahibəni Rusiya Günü ərəfəsində verməkdən məmnunam. Fürsətdən istifadə edərək bütün rusiyalıları milli bayramımız münasibətilə təbrik edirəm!

–Müsabənizə görə çox sağ olun.

Hazırladı:

Emin QASIMOV,

“Respublika”.