Səfir: Finlandiya bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazırdır
SİYASƏT

Səfir: Finlandiya bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazırdır

Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşünə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub.

Səfir Kirsti Narinen Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd edib. O, həmçinin Milli Məclisdə Finlandiya ilə dostluq qrupunun üzvləri ilə keçirilən görüşə məmnunluqla istinad edib. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı olduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC