Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib
Region

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov aprelin 14-də Lənkəranda Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstəsi qoyulub.

Xidmət rəisi general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 36 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, həmçinin müddətli həqiqi hərbi xidmətə göndərilməsi, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC