Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı rüşvət alarkən yaxalanıb
Digər xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı rüşvət alarkən yaxalanıb

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilmələri və məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlərin davamı kimi, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.

Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddə ilə ittiham elan edilib və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC