Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində təntənəli yubiley mərasimi
Digər xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində təntənəli yubiley mərasimi

Yaranmasının 10-cu ildönümü münasibətilə SHXÇDX-nin rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi anılıb, "Əbədi məşəl" abidə-kompleksinin önünə əklil qoyulub.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 10 illiyinə həsr olunan mərasim keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov ötən dövrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən əvvəlki illərdə olduğu kimi son 10 ildə də böyük uğurla davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib.

Xidmət rəisi qeyd edib ki, SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

General-polkovnik Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub. Tədbirin sonunda Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

M.MİRZƏ,

"Respublika".