Şəfa mənbəyi, təbiətin möcüzəsi - İstisu
Region

Şəfa mənbəyi, təbiətin möcüzəsi - İstisu

Kəlbəcər bir yandan Murov, Kəpəz dağlar silsiləsi, bir tərəfdən Göyçə, Dəlidağ və Cermux dağları, digər tərəfdən isə Laçın dağları ilə əhatə olunmuşdur. Burada dünyanın nadir faydalı mineralları: Söyüdlü, istisular, radon tərkibli nadir sular, Şorbulaq və sair faydalı minerallar mövcuddur.

Kəlbəcəri Azərbaycanın qala qapısı adlandırırlar. Bu qədim diyarın dörd tərəfi Azərbaycanda, eləcə də Qafqazda tanınan, təkrarolunmaz dağlarla əhatələnib. Akademik Budaq Budaqovun söylədiyi kimi, “Kəlbəcər hər yandan qıfıllı dərənin yuxarı axınının mərkəzində, geniş dağ düzənliyi üzərində yerləşib. Kəlbəcər şəhərini əhatə edən dağların hamısı öz ətəklərini Kəlbəcərin ayaqları altına sərib...”

Təbiətin Kəlbəcərə bəxş etdiyi nemətdən biri də onu dünyaya tanıdan dirilik suyu - İstisudur. İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamacındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir.

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidro-karbonatlı-xloridli, sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə dünyada məşhurdur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Sovetlər dövründə həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə romantik mənzərəli bu yerlərə baxsaq və onun dili ilə desək, belə alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. O zamanın ən görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

İstisuyun istiliyi 58,5 dərəcə selsidir. Cəmi minerallarının sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, nikel, maqnezium, dəmir və sair kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.

Kəlbəcərin İstisu sanatoriyasında keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biri idi.

Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və müalicəvi vanna kimi qəbul olunurdu. İşğaldan əvvəl İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət oynaqları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurdu.

İstisu mineral bulaqlarının suyundan alınan duzlar qaraciyər, öd kisəsi, qastrit və sair xəstəliklərin müalicəsində istifadə olunurdu.

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev vaxtilə Kəlbəcərin inkişafına qayğı və diqqət göstərmiş, xüsusilə İstisu sanatoriyasının İttifaq miqyasında şöhrət qazanması diqqət mərkəzində olmuşdur. Şübhəsiz ki, bu da İstisuya turist axınının artmasına şərait yaratmışdır.

Yay aylarında bir vaxtlar İstisu sanatoriyasında insan əlindən tərpənmək mümkün deyildi.

Bulaqlar, nəğməli dağ çayları, qıy vuran qartallar, yalçın qayalar bu məkanın seyrinə çıxanları heyran edir, hər kəs mineral sulardan faydalanmağa çalışırdı.

İstusu sanatoriyasına xarici ölkələrdən də axın-axın insanlar gəlir, şəfa mənbəyindən xoş təəssüratla ayrılır, xüsusilə azərbaycanlıların qonaqpərvərliyindən razılıqla danışırdılar.

Ulu öndər Heydər Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına, həm də orada olan qiymətli yeraltı sularına, mərmər yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik, İstisuda böyük komplekslər tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdıqları abidələr, yaşayış binaları idi”.

Kəlbəcəri əbəs yerə uzunömürlülər diyarı adlandırmamışlar. Bu o diyardır ki, onun sakinlərinin çoxu 150 ilə yaxın ömür sürmüşlər. Keçmiş Sovet Ensiklopediyasına adları düşmüş uzunömürlü azərbaycanlıların əksəriyyəti Kəlbəcərdə, başı buludlardan nəm çəkən atlas geyimli dağlarda göz açmışlar.

Azərbaycanın zümrüd qaşı olan Kəlbəcər 1993-cü ilin aprelində faşist xislətli erməni daşnakları tərəfindən işğal olunmuş, İstisu Ümumittifaq miqyaslı sanatoriya nankor “qonşularımız”ın əlinə keçmişdi.

Əlbəttə, yurd yanğısı çətindir. Özü də çox çətin! Hər bir kəlbəcərli 30 ilə yaxın bir vaxtda için-için göynədi, ata-baba torpaqlarının həsrətini çəkdilər. Nəhayət, haqq-ədalət zəfər çaldı. 2020-ci ilin noyabrında Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində başa çatdı. Kəlbəcər işğaldan azad olundu.

Bu gün təbiətin muzeyi, ulu insan məskəni Kəlbəcərdə yenidənqurma və bərpa işləri gedir, çox keçməyəcək ki, Kəlbəcərin əvvəlki şöhrəti qaytarılacaq, hər şey axarına düşəcək, İstisu sanatoriyasında canlanma hiss olunacaq, bu yerlər əvvəllər olduğu kimi saz-söz diyarına çevriləcəkdir...

Qədir ASLAN,

“Respublika”.