Seçenov Universitetinin Bakı filialı Azərbaycanda tibb təhsilinə simulyasiyalı tədris metodlarını tətbiq edir
Elm və təhsil

Seçenov Universitetinin Bakı filialı Azərbaycanda tibb təhsilinə simulyasiyalı tədris metodlarını tətbiq edir

Azərbaycanda tibbin əsas vəzifəsi Azərbaycan Respublikasının vətəndaşlarının sağlamlığı və rifahını qorumaqdır. Səhiyyə sistemində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunun qlobal strateji inkişaf proqramının bir hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Bakı filialının rektoru, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı cərrah-onkoloq, professor Əziz Əliyevin məqaləsində bildirilir.

Məqalədə daha sonra deyilir: "Azərbaycan səhiyyəsinin dünya standartları əsasında inkişafının aparıcı istiqamətlərindən biri tibbi təhsildir. Müasir mərhələdə səhiyyə sahəsində yüksək səviyyəli mütəxəssislərə tələbat həm də tibb işçiləri tərəfindən peşəkar bilik və vərdişlərin əldə edilməsi səviyyəsinin daim artırılmasının vacibliyini diktə edir. Məhz Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsovanın əmri əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) məzunu və fəxri professoru Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu Universitetin Bakı filialı yaradılıb.

Universitetdə təhsil İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin aparıcı professor və müəllimləri tərəfindən Seçenov Universitetinin tədris planı və proqramları üzrə iki istiqamətdə aparılır: tədris 6 il davam etməklə "Müalicə işi" ixtisası üzrə və tədris 2 il davam etməklə "Sənaye əczaçılığı" magistr proqramı üzrə. Tədris forması əyanidir. Filialı bitirənlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu verilir ki, bu da Azərbaycanda avtomatik olaraq tanınır.

Filial mövcud olduğu 6 il ərzində özünün bütün layihələrində və cari fəaliyyətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan Respublikasının rəhbərliyinin daim dəstəyini və diqqətini hiss edir.

Ali tibbi təhsil sahəsində əsas istiqamətlərdən biri gələcək həkimlərin nəzəri biliklərinin lazımi səviyyəsi saxlanılmaqla onların hazırlığının praktiki aspektlərinin əhəmiyyətli şəkildə gücləndirilməsinin vacibliyidir.

Simulyasiyalı tədris müasir tibbi təhsilin mühüm aləti, bilik, bacarıq və praktiki vərdişlərin öyrədilməsi və qiymətləndirilməsi üçün praktiki modelləşdirməyə, kliniki vəziyyətin və ya ayrı-ayrı fizioloji sistemlərin imitasiyasına əsaslanan metodikadır. Bundan ötrü bioloji, mexaniki, elektron və virtual (kompüter) modellərdən istifadə oluna bilər.

Tədrisin imitasiyalı formalarının inkişafı tibbi təhsilin keyfiyyətini və rəqabət qabiliyyətini artırır, cərrahiyyə, mamalıq, ginekologiya, pediatriya, intensiv terapiya və təcili tibbi yardım, kardiologiya, oftalmologiya, otolarinqologiyada və bir çox digər sahələrdə praktiki vərdişlərin formalaşmasına kömək edir. Simulyasiyalı ssenarilər tələbələrin, rezidentlərin, həkimlərin praktiki vərdişlərə yiyələnmə motivasiyasını və onların gələcək peşəkar fəaliyyətlərində bu bacarıqlardan istifadə etmək qabiliyyətini artırır.

Filialın kliniki bazasında - Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıqla təchiz olunmuş tədris-simulyasiya mərkəzi yaradılıb. Bu mərkəz tələbələrin, rezidentlərin praktiki vərdişlərə yiyələnməsinə, müxtəlif ixtisaslı həkimlərin, orta tibbi personalın peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir.

2021-ci ildə Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Seçenov Universitetinin Bakı filialında olub. Azərbaycanın səhiyyə naziri Teymur Musayevin, Bakı filialının rektoru professor Əziz Əliyevin və Seçenov Universitetinin rektoru akademik Pyotr Vitalyeviç Qlıboçkonun müşayiət etdiyi qonaqlar tədris-simulyasiya mərkəzinin işi ilə də tanış olub, filialın və mərkəzin fəaliyyətini yüksək dəyərləndiriblər. Onlar əminliklərini bildiriblər ki, filial bundan sonra da müxtəlif ixtisaslı həkimlərin yüksək hazırlıq səviyyəsinin dəstəklənməsinə kömək edəcək.

Filialımızın tədris-simulyasiya mərkəzində simulyasiyalı tədrisin köməyi ilə kliniki təfəkkür formalaşır, komandada işləmək, fövqəladə vəziyyətlərdə reallığa maksimum yaxın şəraitdə tibbi yardımın göstərilməsi standartlarına uyğun şəkildə hərəkət etmək və qərarlar qəbul etmək vərdişləri öyrənilir. Mərkəzin müəllimləri Azərbaycanın və Rusiyanın aparıcı klinikalarının simulyasiyalı tədris sahəsində xüsusi hazırlıq keçmiş təcrübəli həkimləridir.

Tədris-simulyasiya mərkəzinin resursları və texniki imkanları həm tələbələrin peşəkar biliklərə yiyələnməsi, həm də tibb təhsili müəssisələrinin məzunlarının və tibb mütəxəssislərinin ixtisaslaşdırılmış akkreditasiyası prosedurunun keçirilməsi üçün nəzərdə tutulub.

2021-ci ildə Seçenov Universitetinin Bakı filialının ilk məzunları akkreditasiya prosedurunu uğurla keçiblər. Məzunların kliniki biliklərinin və praktiki vərdişlərinin səviyyəsi Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən beş imtahan mərhələsində qiymətləndirilib.

Məzunların akkreditasiyasının keçirilməsinin müsbət təcrübəsi nəzərə alınaraq, Azərbaycan Tibb Universitetinin tələbələri üçün də analoji akkreditasiya imtahanı keçirilməsi planlaşdırılır. Bu universitetin 700 məzunu 2022-ci ilin fevralından başlayaraq, praktiki vərdişlər üzrə imtahanın verilməsi üçün üçmərhələli hazırlıq keçirlər və Seçenov Universitetinin Bakı filialının tədris-simulyasiya mərkəzində peşəkar fəaliyyətin icrası üçün zəruri olan bilik və bacarıqlara yiyələnə biləcəklər.

Həmçinin 2022-ci ildən başlayaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursları keçən müdavimlər Bakı filialının tədris-simulyasiya mərkəzinin müəllimlərinin rəhbərliyi altında baza ürək-ağciyər reanimasiyası keçirilməsi üzrə vərdişlərə yiyələnirlər.

İndiyə qədər mərkəzdə tədris planına uyğun olaraq, tələbələrlə mindən çox məşğələ, müxtəlif kateqoriyalı tibb işçiləri üçün çoxsaylı kurslar və treninqlər keçirilib. Onların virtual reallıqda qazandığı vərdişlər kliniki praktikada uğurla tətbiq edilir".

Mərkəzin fəaliyyəti ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/4Mq-uuRmGVM

AZƏRTAC