Səbail rayonunda yeni vəkil bürosunun açılışı olub
Digər xəbərlər

Səbail rayonunda yeni vəkil bürosunun açılışı olub

Dekabrın 8-də paytaxtın Səbail rayonunda "Kamandar Nəsibov və partnyorları" vəkil bürosunun açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri, vəkillər, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Büronun açılışından sonra mərasim iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğuru vəkilliyin inkişafında da özünü büruzə verir. Son illərdə həm Bakıda, həm də regionlarda çoxlu sayda yeni vəkil büroları açılıb. Son üç ildə isə Azərbaycanda vəkillərin sayı üç dəfə artıb, vəkil qurumlarının sayı 110-dək artıb. Vəkillərin sayı 2,5 dəfə artıb və hazırda ölkəmizdə 2 mindən çox vəkil fəaliyyət göstərir. Bu vəkil qurumlarının bir çoxu tam yeni və ya əsaslı təmir edilmiş, maddi-texniki və digər avadanlıqla, İKT texnologiyaları ilə təchiz olunmuş inzibati binalarda fəaliyyət göstərir. O cümlədən "Kamandar Nəsibov və partnyorları" vəkil bürosu ölkəmizin ən böyük vəkil bürolarından biridir. Bu büro vətəndaşlarımız üçün keyfiyyətli, peşəkar hüquqi yardım xidmətlərinin əlçatanlığının təmin edilməsinə böyük töhfə verəcək.

Məlumat verilib ki, büronun rəhbəri və həmtəsisçisi tanınmış vəkil və 1993-cü ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur. Vəkil bürosunun yaradılmasının məqsədi peşəkar vəkillər və xüsusilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni üzv olmuş gənc vəkil və hüquqşünasların fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasıdır. Müasir və minimalist dizayna malik yeni ofisdə müasir texnoloji avadanlıqla yanaşı, 25-dən çox vəkil və onların köməkçiləri üçün iş kabinetləri yaradılıb. Burada vəkillərin və onların köməkçilərinin fəaliyyətlərini həyata keçirmələri üçün tələb olunan bütün imkanlar mövcuddur.

Tədbirdə "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamında güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi vurğulanıb. Sərəncamda, həmçinin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə vəkil qurumlarının fəaliyyətinin də yaxşılaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Açılış mərasimində diqqətə çatdırılıb ki, son illər dövlət hesabına hüquqi yardım sahəsində əsaslı islahatlar həyata keçirilib. Bu gün Azərbaycanın hər bir vətəndaşı əmin ola bilər ki, ona dövlət hesabına daha keyfiyyətli hüquqi yardım göstəriləcək.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, vəkillik sahəsində görülən bütün müsbət işlər Azərbaycan vətəndaşlarına keyfiyyətli hüquqi xidmət göstərilməsinə xidmət edir. Eyni zamanda, bu, Vəkillər Kollegiyasının uğurlarıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası son illərdə böyük işlər görüb.

Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Əminə Ağazadə vurğulayıblar ki, bu gün Azərbaycan vəkilliyinin nüfuzu artıb. Azərbaycanda vəkillik bütün tendensiyalara uyğun şəkildə inkişaf edir. Deputatlar vətəndaşlara göstərilən keyfiyyətli hüquqi yardıma görə vəkillərə təşəkkür ediblər.

Mediasiya Şurasının sədri Nadir Adilov çıxışında Azərbaycan vəkilliyinin hazırkı nüfuzundan danışaraq, rəhbəri olduğu quruma Vəkillər Kollegiyasının dəstəyini yüksək qiymətləndirib. O, yeni büronun kollektivinə uğurlar arzulayıb.

Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev və digərləri çıxışında ölkəmizdə yeni vəkil bürolarının fəaliyyətə başlamasının vəkilliyin nüfuzunun artmasının və inkişafının göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, iki mərtəbədən ibarət ofisdə vəkil kabinetləri, kiçik və böyük iclas otaqları, müştərilər və qonaqlar üçün gözləmə zonaları, arxiv, dincəlmə otaqları və muzey yaradılıb. Belə bir vəkil bürosu Azərbaycanda ilk dəfə yaradılır. Ofisdə dünya vəkillik tarixinin simvolu olan "Dünya Vəkil Cübbələri Muzeyi" yaradılıb və müxtəlif ölkələrdən vəkil cübbələri gətirilib. Muzey gənc hüquqşünaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyi olacaq. Büroda kolleksiyasında 10 min eksponat olan Balıqqulağı muzeyi də var. Kamandar Nəsibov 1993-cü ildən peşəkar vəkil olaraq fəaliyyət göstərir. O, hüquq elmləri üzrə fəlsəfə doktoru, fəxri hüquq doktoru, Vəkillər Kollegiyasının yaradıcısı və fəxri üzvüdür. Vəkillər Kollegiyası tərəfindən çoxsaylı fəxri fərman və diplomlarla təltif olunub.

AZƏRTAC