Sarsılmaz qardaşlıq
Digər xəbərlər

Sarsılmaz qardaşlıq

Türkiyə

Azərbaycan-Türkiyə birliyi tarixi sınaqlardan çıxan, möhkəm təməllər üzərində formalaşan qardaşlıq nümunəsidir. Bu gün olduğu kimi, 100 il əvvəl də ölkələrimiz dar gündə bir-birinin yanında olublar. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” müdrik kəlamları tarixin çətin günlərində öz təsdiqini tapıb. Xalq şairi Bəxtiyar Vahabzadə “Azərbaycan-Türkiyə” şeirində

    “Bir ananın iki oğlu

    Bir ağacın iki qolu

   O da ulu, bu da ulu

   Azərbaycan-Türkiyə”

fikirlərini ifadə etməklə ölkələrimizin bir-birinə qırılmaz tellərlə bağlı olduğunu gözəl təsvir edib.

Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.  Türkiyə belə ağır, çətin günlərdə tək deyil, onun  qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Bu, zəlzələ xəbəri yayılan anda bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyev başda olmaqla bütün xalqımız dünyaya birlik, qardaşlıq nümunəsi göstərdi. Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi, bir anda səfərbər oldu, yumruq kimi birləşdi, türk xalqının yarasına məlhəm olmağa tələsdi. Bu birlik, həmrəylik göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi, dönməz və sarsılmazdır.

“Azərbaycanın hər bölgəsində ürəklərin Türkiyə ilə döyündüyünün şahidi olduq.  Zəlzələ xəbərinin alındığı ilk dəqiqələrdən etibarən bütün dövlət qurumlarının  səfərbər olması bizi çox qürurlandırdı. Bu,  dünyaya bizim bir-birimizlə necə möhkəm bağlı olduğumuzu göstərir. Bəli, bu sınaqdan da birlikdə əl-ələ verərək çıxacağıq’’. Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib. O deyib: “Türkiyə-Azərbaycan münasibətlərinin təməli tarixi köklərimizə dayanır. Məsələn, Balkan savaşı illərində Azərbaycan müstəqil deyildi. Buna baxmayaraq, azərbaycanlı gənclər Osmanlı ordusunun sıralarında türk qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı savaşırdı. Birinci Dünya müharibəsi illərində də Azərbaycan müstəqil deyildi. Amma azərbaycanlı könüllülər sərhədləri gizli keçərək osmanlı ordusuna qatılır, türk qardaşları ilə birlikdə işğalçı İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya hərbi birləşmələrinə qarşı rəşadətlə vuruşurdular. Əsl qardaşlıq bu deyilmi?”.

H.Kılıç xatırladıb ki, 1920-ci ildə Türkiyə ən sıxıntılı zamanını yaşayanda Atatürk yardım üçün sovet Azərbaycanının ozamankı rəhbəri Nəriman Nərimanova məktubla müraciət edib. Nəriman Nərimanov da maddi və mənəvi dəstəyini əsirgəməyib. Buna görə minnətdarlıq məktubu yazan Atatürk, Azərbaycan qarşısında borclu olduqlarını deyərkən, Nəriman Nərimanov “Paşam, bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq və daima əlinizdən tutacağıq” cavabını verib. Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” söyləyərək qardaş dəstəyini bir daha ifadə edib. Ulu öndər Heydər Əliyev türk ordusunun 1918-ci ildə Bakını daşnak təcavüzündən xilas etməsinin hər bir azərbaycanlının qəlbində yaşadığını söyləyib. Bildirib ki, Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaq”. Prezident İlham Əliyev də bir millətin iki diasporu olmaz mesajını verib. 1918-ci ilə qədər Azərbaycan müstəqil olmayanda belə, daim türk qardaşlarının yanında olub. Hətta Birinci Dünya müharibəsi illərində Nargin adasında türk əsirlərini azərbaycanlılar gizlin şəkildə qaçırıb, onların həyatını xilas edib, yaralıların müalicəsini təmin ediblər.

Türkiyə hər zaman Azərbaycanın haqq işinə mənəvi və siyasi dəstəyini ifadə edib. Bu gün də Azərbaycan zəlzələdən əziyyət çəkən Türkiyənin yanındadır. Bu münasibətlərin kökləri bizim dilimizlə, dinimizlə, eyni millət olmağımızla ölçülür. Türk xalqı olaraq  bu çətinliyin də öhdəsindən birlikdə gələcəyik. Türkiyə-Azərbaycan birliyi  sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə  Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Hətta Vətən müharibəsində dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanlayan  Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadan "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür", -deyə bəyan etdi. Biz bu qədər möhtəşəm dostluğumuz olduğu üçün çox qürurluyuq. Bəli, dünya  Türkiyə-Azərbaycan birliyini, ümumilikdə türk dünyasının həmrəyliyini görməli və bu birliyə qara yaxmaq istəyənlər, onu sarsıtmağa can atanlar bundan nəticə çıxarmalıdırlar. Çünki artıq bu birlik qarşısalınmaz, yenilməz bir qüvvəyə çevrilib, bu birliyi heç bir qüvvə sındıra bilməz.

Dəhşətli zəlzələ, Türkiyənin qurtuluş savaşını və bu ölüm-dirim mücadiləsində qardaş köməyini yenidən yada salaraq zamanın əqrəblərini geri döndərdi. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun "Qardaşın qardaşa borcu olmaz!", - söyləməsi, "Paşam, bizdə qardaş qardaşa borc verməz!" tarixi faktını yenidən gündəmə gətirdi. 

Bəli, bütün dünya gördü ki, təbiətin gücü qarşısında insan oğlu nə qədər  acizdir. İllər öncə böyük türk şairi Nazim Hikmət Ərzincanda baş verən zəlzələnin miqyasının böyüklüyünü, ürəklərə necə dağ çəkdiyini "Kara haber" şeirində göz yaşıyla, ürəkağrısı ilə qələmə almışdı. Türkiyədə 1999-cu il zəlzələsinin yarası tam qaysaq tutmamış baş verən bu fəlakət, əslində insanlığa - varlıya, kasıba bir mesaj  olmalıdı.  Xalq şairi Bəxtiyar Vahabzadə demişkən, hər bəladan türkün beli qırılmaz. Bu sınaqdan da üzüağ, alnıaçıq çıxacaq qədim, müasir və müdrik Türkiyə Cümhuriyyəti!

Onu da qeyd edək ki, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi istiqamətində işlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, ölkəmizin Türkiyədəki səfirliyində, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında yaradılmış operativ qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər, Milli Təhsil və Səhiyyə nazirliklərində, eləcə də digər qurumlarla intensiv əməkdaşlıq şəraitində davam edir. Zəlzələnin baş verdiyi gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunublar. Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam edir.

Eyni zamanda, zəlzələ bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycana təxliyə edilmək niyyətində olmayan vətəndaşlar üçün müvafiq vilayətlərdə polis bölmələri tərəfindən təxliyə məntəqələri yaradılıb. Bu məntəqələrə müraciət edənlərin təhlükəsiz bölgələrə təxliyəsi Türkiyənin aidiyyəti qurumları tərəfindən təmin olunur.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.