Sara Maykl: Dünya Bankı azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesini dəstəkləməyə hazırdır
SİYASƏT

Sara Maykl: Dünya Bankı azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesini dəstəkləməyə hazırdır

Sentyabrın 14-də xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın Dünya Bankı ilə əlaqələrindən məmnunluqla bəhs edərək, ölkəmizin bu əməkdaşlığa yüksək önəm verdiyini bildirib. Azərbaycanla Dünya Bankı arasında qeyri-neft sektoru, özəl sektor, alternativ enerji, rəqəmsal inkişaf və digər sahələrdə mövcud olan əməkdaşlıq xüsusi qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd”, yaşıl enerji, müasir infrastruktur layihələrinin icrası barədə ətraflı məlumat verib. O, həmçinin imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, bölgədə bütün kommunikasiya xətlərinin, tranzit yollarının açılışının yalnız iki ölkənin deyil, bütün bölgənin gələcək inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sara Maykl gələn il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını bildirərək, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib. O, Azərbaycanın ölkə və ümumilikdə bölgənin inkişafı üzrə böyük baxışını bundan sonra da dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesinə gəldikdə, menecer Sara Maykl aidiyyəti üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəflər, həmçinin əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC