Şanlı Zəfərimizlə qürur duyuruq
Digər xəbərlər

Şanlı Zəfərimizlə qürur duyuruq

Hələ ötən əsrlərdən hiyləgər ermənilərin Cənubi Qafqaza köçürülməsi bəzi ermənipərəst dövlətlərin dəstəyi ilə baş tutmuşdur. Elə həmin zamanlardan heç bir dövləti olmayan haylar böyük Ermənistan yaratmaq xülyaları ilə yaşamışlar. Buna görə onlar necə olursa-olsun azərbaycanlıları deportasiya etmək planlarını zaman-zaman reallaşdırmışlar. Əvvəlcə azərbaycanlılar əbədi-əzəli vətənləri olan Qərbi Azərbaycandan Azərbaycanın bəzi isti iqlimə malik olan rayonlarına köçürülmüşlər. Ermənilərin bu mənfur planları nəticəsində 1900-cü ildən başlayaraq yüzlərlə ailə öz ata-baba yurdlarından köçməli olmuşlar, bu proses davamlı hal almışdır.

Ən nəhayət, 1988-ci ildə əhalinin kütləvi deportasiyası nəticəsində Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Bununla kifayətlənməyən azğınlaşmış ermənilər Azərbaycanımızın digər bölgələrini də işğal etmək qərarına gəldilər. Bəzi qonşu dövlətlərin erməniləri dəstəkləməsi və hərtərəfli yardımı nəticəsində Qarabağımızı və ətraf rayonları işğal edə bildilər. Həmin dövrlərdə təzəcə müstəqillik qazanan respublikamızda o zamanlar hələ güclü ordu formalaşmamışdı. Eyni zamanda o zamankı özbaşınalıq, hakimiyyətdaxili çəkişmələr, ölkədə mövcud olan xaos bu prosesi daha da sürətləndirdi.

Təəssüflər olsun ki, 30 ilə yaxın əzəli-əbədi torpaqlarımız işğal altında qaldı. Bütün bu illər ərzində insani hisslərdən uzaq olan ermənilər işğal altında olan yerləri xarabalığa çevirdilər. Azərbaycana ölçüyəgəlməz dərəcədə zərər vurdular. Xalqımıza məxsus olan tarixi abidələri, məscidləri, insanların inanc yerlərini, mədəniyyət obyektlərini, qəbiristanlıqları və başqa yerləri vəhşicəsinə dağıtdılar. Məqsədləri həmin yerlərdən azərbaycanlıların izini tamamilə silmək oldu.

Atəşkəs imzalansa da, mənfur düşmən mülki vətəndaşları qətlə yetirməkdən çəkinmədi. Bütün bu olanlar Azərbaycan xalqının səbir kasasını daşırmışdı. Prezident İlham Əliyev davamlı olaraq dünya birliklərinə torpaqların sülh yolu ilə işğaldan azad olunmasını təklif etsə də, özlərini demokratiyanın beşiyi adlandıran, erməniləri daim dəstəkləyən ölkələr sanki lal, kar və kor oldular.

Tamamilə azğınlaşmış ermənilər dəfələrlə yenidən Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd etdilər. Onlar düşünürdülər ki, Azərbaycan ordusu 90-cı illərdə olduğu kimidir. Nəhayət, 27 sentyabr 2020-ci il xalqın çoxdan intizarla gözlədiyi bir gün oldu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı.

Minlərlə gənc, hətta yaşlı insanlar könüllü olaraq müharibədə iştirak etmək üçün çağırış məntəqələrinə axışırdı. Bu, bir daha Azərbaycan xalqının Ali Baş Komandanı İlham Əliyevə olan inamı, sevgisi, eləcə də yüksək vətənpərvərliyinin bariz nümunəsi idi. Müharibənin ilk anlarından müasir silahlarla silahlanmış, yüksək hərbi təlim keçmiş Azərbaycan ordusu döyüş meydanında üstünlüyü ələ aldı. 30 il ermənilərin öz orduları haqqında uydurduqları miflər tamamilə alt-üst oldu. Erməni hiyləgərliyi, qorxaqlığı və yalançılığı bir daha öz sübutunu tapdı. Mənfur düşmən çoxlu sayda silah-sursat, avtomobil, tank və digər döyüş texnikalarını qoyub qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Bir sıra ermənipərəst dövlətlərin təzyiqinə və xahişinə baxmayaraq, Ali Baş Komandanın cəsarəti və məntiqli cavabları onları susmağa məcbur edirdi.

Fəxarətlə demək olar ki, Azərbaycan təkcə döyüş meydanında deyil, siyasi müstəvidə də qələbə çaldı. Xalqımız hər gün Prezident İlham Əliyevin verdiyi qələbə xəbərlərini səbirsizliklə gözləyirdi. Artıq hər kəs şanlı qələbənin qazanılmasına böyük ümid bəsləyirdi.

İgid, qorxmaz Azərbaycan əsgərlərinin göstərdiyi döyüş nümunələri bütün dünyanı heyran etmişdi. Əsgərlərimizin məqsədi, məramı ölümün gözünə dik baxaraq yalnız irəli getmək idi.

Şuşa şəhərinin işğaldan azad olunması zamanı XTQ döyüşçüləri bəşər tarixində görünməyən şücaət göstərdilər. Əliyalın Azərbaycan əsgərləri sıldırım qayalara dırmaşaraq düşməni təslim olmağa məcbur etdi. Məğlub olduğunu görən Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

8 Noyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına Zəfər Bayramı Günü kimi həkk olundu. Müharibənin qızğın çağında peşəsindən, yaşından və kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz qəlbinin səsinə qulaq asaraq ordumuza köməklik göstərmək istəyirdi. Şübhəsiz ki, müharibə getdiyi bir zamanda nəcib peşə sahibləri olan həkimlərin üzərinə çox böyük məsuliyyət düşürdü.

İstər ön, istərsə də arxa cəbhədə ağxalatlılar gecə-gündüz gərgin çalışdılar. Yüzlərlə əsgərlərimizi ölümün pəncəsindən xilas etdilər. 44 günlük Vətən müharibəsi zamanı xəstəxanamıza psixi gərginlik keçirərək daxil olan hərbçilərimiz müalicə olunaraq yenidən cəbhəyə yollandılar. Müharibə başa çatdıqdan sonra müraciət edən qazi və şəhid ailələri stasionar və ambulator müalicəyə cəlb olunur, onlara psixoloji yardımlar göstərilir, hər zaman bu qəbildən olan insanlara xüsusi həssaslıqla yanaşılaraq normal həyata qaytarılır.

Sevindirici haldır ki, hazırda azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Tezliklə o yerlərin sakinləri öz ata-baba torpaqlarına qayıdacaqlar. Şanlı Qələbəmizlə qürur duyur, qalib ölkənin vətəndaşı olmağımızla fəxr edirik.

Venera SALİFOVA,

Qazax Psixiatriya Xəstəxanasının

 baş həkimi.