Şanlı zəfərimizin bir ili
Siyasət

Şanlı zəfərimizin bir ili

Mənfur ermənilərin tarixin  müxtəlif dönəmlərindəki xəyanətlərini, o cümlədən 1905-1918-1920-ci və 1988-1994-cü illərdə  xalqımıza qarşı  törətdikləri soyqırımlarının,  zorakı köçürmə siyasətinin, doğma  dədə-baba  torpaqlarımıza sahib çıxma  iddialarının acı  nəticələrini heç zaman  unutmamalıyıq,  qan yaddaşımızda əbədi saxlayaraq təcavüzkarların millətimizə  qarşı  həyata keçirdikəri tarixdə misli  görülməmiş vandallığı, vəhşiliyi gələcək nəsillərə doğru-düzgün  çatdırmalıyıq.  Xalqımıza qarşı  edilən bu cinayətlərin bütün dünya  ictimaiyyətinə  çatdırılması harada yaşamasından asılı olmayaraq  hər bir Vətən  övladının mənəvi borcudur.  Həmişə qatı düşmənə qarşı ayıq-sayıq olmalıyıq. Çünki düşmən  sıradan biri deyil, olduqca zalım,  qansız və bütün insani keyfiyyətlərdən   çox uzaq,  yırtıcı xislətli  bir “vəhşi qəbilə”dir.

Azərbaycan xalqına  qarşı ermənilərin etdikləri  vandalizmə ilk dəfə olaraq 1998-ci ildə ümummilli liderimiz, dahi Heydər Əliyev tərəfindən  hüquqi-siyasi  qiymət verilmişdir və ölkəyə rəhbərliyi dövründə torpaqlarımızın  yağı düşmənin  işğalından azad olunması üçün yorulmaq bilmədən çalışmış, bütün həqiqətləri, erməni  vəhşiliyini beynəlxalq  tribunalardan dünya  ictimaiyyətinə çatdırmışdır. 30 ilə yaxın bir müddətdə xalqımız Vətən həsrəti, intiqam hissi, tarixi həqiqəti bərpa etmək arzusu ilə yaşayır və həmin günü səbirsizliklə gözləyir və hazırlaşırdı. Ən böyük beynəlxalq təşkilatların,   dünya dövlətlərinin ölkəmizin  haqq işini dəstəkləməməsi, bu məsələyə  biganəlik göstərmələri  xalqımızın səbrini  tükətmişdi. Nəhayət, 27 sentyabr 2020-ci il tarixində Dövlət Sərhədimizi pozan, yeni torpaqlar zəbt etmək  iddiasında olan ermənilərə qarşı əks-hücum əməliyyatı keçirildi  və Azərbaycan Ordusu azğın düşmənin  layiqli cavabını verdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, komandanlığı ilə Vətən savaşına qalxan xalqımız  və rəşadətli Ordumuz tarixi  həqiqəti bərpa etmək üçün  bir yumruq altında  birləşərək cəmi 44 gün ərzində  yağı düşməni  əzəli və əbədi torpaqlarımızdan qovdu. Beləliklə, 30 ilə yaxın sürən “ikili standartlar”, “xristian təəssübkeşliyi”, “erməni havadarlığı” fiaskoya uğradı. Aparılan bu mübarizə  bizim haqq savaşımız,  Xocalıda öldürülən günahsız qocaların,  ana və bacılarımızın,  vəhşicəsinə  öldürülən körpə uşaqlarımızın ruhu qarşısında  mənəvi borcumuz,  müqəddəs vəzifəmiz idi. 44 gün ərzində əldə etdiyimiz bu Şanlı qələbənin hər günü həm xalqımız, həm də ordumuz üçün şərəf və ləyaqət günü oldu.

Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəmiz tarixən  xalqımıza  xas olan  ədalətə inamı  artırdı. Əsası isə  budur ki, tarixi ədaləti özümüz bərpa etdik. Ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının  təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü  göstərməklə bərabər, milli birlik hisslərinin  gücünü ortaya qoyur.  Əldə etdiyimiz şanlı qələbəmizdə birliyimizin yenilməz gücünü ortaya qoyduq. Belə ki,  müharibənin başladığı ilk anlardan ölkəmizdə ümumi səfərbərlik  elan olunmasa da,  hər kəs yaşından asılı  olmayaraq Vətən müharibəsində  könüllü olaraq  səfərbər idi.  Hər bir ölkə vətəndaşı yaşadığı bölgəsindən asılı olmayaraq  qarabağlı idi.  Qalib olduğumuz Vətən müharibəsində  azərbaycanlı kimliyi, vətəndaş  millətçiliyi,  Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq  bütün xalqımızı bir yumruq kimi  birləşdirdi. 44 gün ərzində  düşmən üzərində  əldə etdiyimiz  hər yeni qələbəmiz  Ali Baş Komandan İlham Əliyevin  “Dəmir yumruğu”nu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən  xalqımız Ali Baş Komandanımızın ifadəsi ilə desək  düşmənin başını əzdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin  hakimiyyətə gəlişindən ötən 17 il ərzində  uğurla həyata keçirdiyi  siyasi kursda ən əsas məsələ  düşmən işğalında olan torpaqlarımızın  erməni işğalından azad olunması, ərazilərimizin bərpası idi.   Ötən  bu illər ərzində  ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq  tədbirlərin  kürsülərindən  qətiyyətlə bütün  dünyaya bəyan edirdi ki, Azərbaycan  xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə  barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.  Biz bu münaqişəni çalışırıq  sülh yolu ilə həll edək,  ancaq bu sülh yolu ilə alınmasa  biz bütün  mümkün variantlardan  istifadə edərək  bunu edəcəyik. Lazım gələrsə biz öz torpaqlarımızı müharibə yolu ilə  azad edəcəyik və bu istisna deyil. Bunu etmək üçün Azərbaycan güclü Orduya  və hərbi-texniki gücə malikdir.  Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutan,  Birləşmiş Millətlər Təşkilatının  və digər mötəbər qurumların qətnamə və qərarlarına məhəl qoymayan  Ermənistan  işğalçılıq siyasətini davam etdirdi, yeni  ərazilər zəbt etmək  xülyası ilə yaşadı.

Vətən  müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,  Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı, cəsurluğu ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Bu tarixi, şanlı qələbəmiz haqda Ali Baş Komandanımız  vurğulayıb: “Biz tarixi ədaləti bərpa etdik.  Biz öz torpaqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq,  biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək.  Mən demişəm biz bu bölgəni—Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər  görülür, planlı şəkildə  görüləcək və biz bundan sonra bu torpaqlarımızda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şanlı Qələbəmizdən ötən 10 ay müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləri ilə, əlamətdar tədbirlər və hadisələrlə yadda qalmışdır. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız demək  olar ki, böyük tikinti-quruculuq meydanına çevrilib. Planlaşdırılmış infrastruktur layihələri sürətlə icra olunmaqdadır. Ərazilərin elektrik enerjisi və su ilə təchizatı demək olar ki, tamamlanmaq  üzrədir. Qarabağın dirçəlişinə   aparan “Böyük Qayıdış” proqramının tez bir zaman müddətində icrasının reallaşması üçün bütün lazimi tədbirlər həyata keçirilir. Buraya səfərləri zamanı ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva görülən işlərlə yerində tanış olur və öz tapşırıq və tövsiyələrini verirlər. Onların və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan və Cəbrayıla səfərləri də  əlamətdar olmuşdur. Belə ki, bu səfər zamanı Ali Baş Komandan buradan bütün dünya erməniliynə ciddi mesajlar vermiş, həm də bir neçə böyük əhəmiyyət daşıyan infrastruktur tikinti layihələrinin təməlqoyma tədbirlərində iştirak etmişdir. Bu səfər zamanı həyata keçirilən tədbirləri həm də bu torpaqlarımıza qayıdışın mübarək addımları kimi də dəyərləndirmək olar. Bu səfərdən sonra cənab Prezident 16 mart tarixində qədim Şuşamızda, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırmışdır. Azərbaycan xalqının incisi, qədim mədəniyyət beşiyi olan Şuşadan xalqımızı Novruz bayramımız münasibətilə təbrik edən cənab Prezident qeyd edib ki, artıq 30 ilə yaxın bir müddətdən sonra əziz və milli bayramımızı doğma Şuşada qeyd edirik. Bu, bizim hamımız üçün çox böyük hadisə və xoşbəxtlikdir. Onu da vurğulamaq yerinə düşər ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyev Qarabağ haqqında danışarkən qətiyyətlə demişdir ki, biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...”. Ulu öndərimizin və xalqımızın bu arzularını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Və bu gün azad olunmuş Şuşada sürətli yenidənqurma, bərpa işləri geniş vüsət alıb. Qısa bir zaman kəsiyində görülən işlərin miqyası ölçüyəgəlməzdir. Az bir müddətdə şəhərin su, elektrik enerjisi ilə təminatı tam bərpa olunub. Sosialyönümlü tədbirlər həyata keçirilib. Bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Şəhərin vaxtilə ən gözəl məkanlarından biri olan, 30 ilə yaxın bir müddətdə baxımsızlıqdan suyu qurumuş “Xan qızı” bulağı bərpa olunmuş və istifadəyə verilmişdir. Bundan başqa,  Azərbaycan musiqisinin məşhur simalarından biri olan Bülbülün ev muzeyi, görkəmli Azərbaycan şairi M.P.Vaqifin məqbərəsi yüksək zövqlə təmir olunaraq işğaldan əvvəlki görkəminə qaytarılıbdır. Ötən dövrdə işğaldan əvvəl Şuşada keçirilən ənənəvi tədbirlər yenidən öz fəaliyyətinə başlamışdır. Bunlardan “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri, Milli Musiqi Gününün keçirilməsini göstərmək olar. Bütün bunlar onu göstərir ki, Qarabağımız, qədim Şuşa 30 ildə bir gün də olsa xalqımızın yadından çıxmamış və indi əsl sahibinə qayıtmışdır. Artıq Azərbaycan muğamının sədaları yenidən Şuşadan səslənməkdədir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində Şuşa bəyannəaməsini imzalamaları da bir daha dünyaya bir mesaj idi ki, Şuşa tarixən azərbaycanlılara məxsus olub, əbədi Azərbaycan torpağıdır.

Azad olunmuş torpaqlarımızda böyük infrastruktur layihələrinin yeni yol, nəqliyyat infrastrukturunun yaradılması ən mühüm məsələlərdən biridir. Ona görə də qələbənin ilk günündən cənab Prezidentin tapşırığına əsasən yeni müasir standartlar səviyyəsində magistral avtomobil yolları, hava limanları və yolunun çəkilişinə start verilmişdir. Hazırda Şuşaya çəkilən 101 km. uzunluğunda olan “Zəfər” yolunda son tamamlanma işləri həyata keçirilir. Prezidentin sərəncamına əsasən Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanılıb. Bu yolun uzunluğu 72,8 kilometrdir. Yol üzərində körpü inşa olunacaq, 3 tunelin tikintisi aparılacaq. Bu yolun çəkilməsi bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Çəkilən yollar, tunellərin tikintisi Kəlbəcər və Laçın rayonları arasında əlaqələri möhkəmləndirəcək. Bundan başqa, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşası da bölgənin canlanmasına səbəb olacaq. Bu hava limanları həm yüklər, həm sərnişinlərin istifadəsi ilə bərabər, həm də bizim hərbi məqsədlərimizə də xidmət edəcək. Ölkəmiz üçün mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu loqistik mərkəzlərin yaradılmasına töhfə verəcək. Avqust ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Sonra 110\35\10 kv-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər.

Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canından keçən şəhid və qazilərimizə borcluyuq. Müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub. Bununla bağlı “YAŞAT” Fondunun yaradılması da bu məqsədə xidmət edir.

Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç vaxt xalqımız tərəfindən unudulmayacaq və onların adları şanlı tariximizdə əbədi yaşayacaqdır.

27 sentyabr tariximizə Anım Günü kimi həkk olundu. Bu tarix hər birimizin qürurla fəxr edəcəyimiz bir təqvimdir. Ali Baş Komandan Vətən müharibəsində məğlubiyyətdən-qələbəyə yol açdı.

Ceyhun MƏMMƏDOV,

millət vəkili.