ŞANLI QƏLƏBƏMİZİN PARLAQ TƏCƏSSÜMÜ
Siyasət

ŞANLI QƏLƏBƏMİZİN PARLAQ TƏCƏSSÜMÜ

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi azad etməklə düşmən üzərində mühüm, parlaq, tarixi Zəfər əldə etdi. İllərlə həsrət qaldığımız Vətən torpaqlarında artıq iki ildir ki, üçrəngli Azərbaycan bayrağının vüqarla dalğalandığını qürur hissi ilə müşahidə edirik. 2020-ci ilin 10 dekabrında Bakıda keçirilmiş möhtəşəm Zəfər paradından keçən iki il ərzində Ordumuz daha da gücləndi, onun maddi-texniki təchizatı və peşəkarlığı artdı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Hazırda Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır, ən yeni və mütərəqqi yüksək texnoloji silahlarla təchiz olunub. Paradda keçidi təmin edilən döyüş texnikaları dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının bariz nəticəsi idi. Ordumuzun maddi-texniki bazasının geniş imkanlara malik olması, hərbçilərimizin yüksək peşəkarlığı Silahlı Qüvvələrimizin qüdrətindən, dövlətimizin son 19 ildə artan potensialından xəbər verir. 2020-ci il dekabr ayının 10-da keçirilmiş paradda bütün bunlar əyani şəkildə nümayiş etdirildi. Dünya Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin şahidi oldu. Dövlətimizin gücünü və tarixi Qələbəmizi bir daha nümayiş etdirən həmin Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimizin 44 gün davam etmiş "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi Qələbəmizin təcəssümü idi.

Möhtəşəm Qələbə paradı bir çox məqamlarla yadda qalmışdır. Ancaq bütün bunların sırasında, ilk növbədə, Şuşada qəhrəman hərbçilərimizin dalğalandırdıqları Zəfər bayrağının parada gətirilməsini qeyd etmək lazımdır.

Prezident İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda çıxışında demişdi: "2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardı. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

2018-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dedikləri bu sözlər 10 dekabr 2020-ci il Zəfər paradında gerçəkləşdi. Həmin gün Vətən müharibəsində döyüşlərdə iştirak etmiş hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanına gətirildi. Onların fövqündə isə Şuşa şəhərində qaldırılmış Zəfər bayrağımız dalğalanırdı. Sanki paradın keçirildiyi nəhəng Azadlıq meydanı Qarabağa, 30 il düşmən tapdağı altında qalmış torpağa azadlıq bəxş etmiş qəhrəmanlarımız, onları misilsiz igidlik nümayiş etdirməyə, irəli getməyə sövq etmiş həmin bayraqlar, ən nəhayət, hər birimizin qəlbini qürurla dolduran o unudulmaz hissləri ifadə etmək üçün darlıq edirdi. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazandığımız bu möhtəşəm Zəfər hər birimizin qürur mənbəyinə çevrildi, hamını, hətta siyasi baxışları ilə fərqli mövqelərdə olan siyasi qüvvələri də birləşdirdi. Prezident dəfələrlə bildirmişdir ki, Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir. Vətənimiz üçün ən məsuliyyətli məqamda, öz Ali Baş Komandanı ətrafında monolit qüvvəyə çevrilmiş ordu və xalq 30 illik işğala son qoydu, parlaq Qələbə qazandı. Cənab İlham Əliyevin ətrafında onun bircə çağırışı ilə yaranmış həmin sarsılmaz birlik "Dəmir yumruğ"un gücünə əlavə güc qatdı, xalq-iqtidar-ordu birliyinin qüdrətini bütün dünyaya göstərdi. Beləliklə, Zəfər paradı mənəvi birliyimizin də paradı idi.

Faşist xislətli Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunda bir nəfər də fərarilik etməyib. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Bu da təsadüfi deyil, çünki bütün 44 gün ərzində Azərbaycan əsgərinin mənəvi üstünlüyü gözə çarpırdı. Təkcə onu demək kifayətdir ki, müharibə zamanı Ermənistan ordusunda 10 mindən artıq fərari olub. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənlər isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib.

Azərbaycan xalqının qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında parlaq qələbənin Zəfər paradını keçirməsi də xüsusi önəm daşıyır. İlk gündən Türkiyə bizə mənəvi və siyasi dəstək verdi, Pakistanla birgə Azərbaycanın haqq mübarizəsi apardığını dünya birliyinə birmənalı və qəti şəkildə bildirdi.

Paradda bizim qəhrəman əsgər və zabitlərimiz addımlayanda Ermənistanda daxili çaxnaşmalar baş verir, etiraz mitinqləri keçirilirdi. Erməni cəmiyyətindəki bu təlatümlər hələ də davam etməkdədir. Hadisələrin belə gedişatı onu göstərir ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyət Ermənistanın onilliklər boyunca həyata keçirdiyi təcavüzkar, şovinist siyasətin, erməni faşizminin süqutu oldu.

Bir məqamı da qeyd edək. Ermənistanın faşist xislətli hakimiyyəti üzərində Zəfər qazanmaqla Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasının 17 ildən artıq bir müddətdə yerinə yetirilməyən 4 qətnaməsini özü icra etdi. 10 noyabr 2020-ci il Bəyanatı, faktiki olaraq isə işğalçı Ermənistanın kapitulyasiya aktı bədnam qonşumuzu diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan daim kobud şəkildə pozduğu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ təkcə işğalçı dövlətin məğlubiyyəti ilə bitməyəcək, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də cavab verməli olacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək. Və həmin gün uzaqda deyil.

Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və keçmiş Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, erməni şovinistləri və separatçıları üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixə düşdü. Dövlətimizin başçısı İlham Əliyev demişdir: "Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra... müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır. Biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin... bu, Zəfər paradı idi. Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi". Zəfər paradı bir daha göstərdi ki, güclü, rəşadətli ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətinə, Vətən sevgisinə əsaslanır.

44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün cənab İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın inkişaf strategiyasının məntiqi nəticəsidir. Çünki yalnız güclü və mütərəqqi dövlətin qalib ordusu ola bilər. Hərbçilərimizin Vətən müharibəsi zamanı göstərdikləri döyüş taktikası, istifadə etdikləri texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur.

Son iki əsrin ən böyük qələbəsini yaşamış Azərbaycan xalqı bu möhtəşəm tarixi Zəfəri ona yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçmiş igid oğullarımıza hər zaman minnətdar olacaq.

Emin QASIMOV,

"Respublika".