ŞANLI QƏLƏBƏMİZƏ GEDƏN YOL TOVUZ DÖYÜŞLƏRİNDƏN KEÇDİ
Digər xəbərlər

ŞANLI QƏLƏBƏMİZƏ GEDƏN YOL TOVUZ DÖYÜŞLƏRİNDƏN KEÇDİ

Tarix boyu ermənilər Azərbaycana torpaq iddiaları irəli sürmüş, bu yolda ən iyrənc əməllərə əl atmışlar. Təəssüflər olsun ki, özlərinin havadarlarının köməkliyi ilə keçən əsrlərdə buna qismən nail olmuşlar, əzəli Azərbaycan torpaqlarında özlərinə “vətən” qurmuşlar. Lakin mənfur ermənilər bununla kifayətlənməyərək 20-ci əsrin 80-ci illərin sonlarında yenidən bu iddiaları irəli sürərək müqəddəs Qarabağ torpaqlarının işğalına nail oldular. Sözsüz ki, yenə də əzəli havadarlarının dəstəyi ilə. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə yüksək kürsülərdən torpaqların sülh yolu ilə azad edilməsi təklifini irəli sürsələr də quduzlaşmış ermənilər buna heç bir müsbət reaksiya verməmişlər.

Beynəlxalq təşkilatlar da nədənsə öz işlərini susmaqla bitmiş hesab edirdilər. Beynəlxalq təşkilatların etinasızlığına arxalanan ermənilər o qədər azğınlaşdılar ki, hətta 12 iyul 2020-ci il tarixdə günorta saatlarından başlayaraq Qarabağdan uzaqda yerləşən, cəbhə bölgəsi ilə heç bir əlaqəsi olmayan Tovuz rayonunun ərazisində Azərbaycanın dövlət sərhədlərini pozmağa cəhd etdilər. Bütün xəbərdarlıqlara baxmayaraq düşmən təxribata davam edirdi.

Ermənilər dinc əhalini, kəndləri iriçaplı silahlardan atəşə tuturdu. Bu zaman ATƏT-in Minsk qrupunun həmsədrləri məlumatlandırılırdılar, ancaq onlar 30 il olduğu kimi, yenə də qərəzli mövqedə susqunluq nümayiş etdirdilər. Lakin ermənilər, eləcə də havadarları gözlədiklərinin tam əksi ilə üzləşdilər. Elə həmin hadisələr göstərdi ki, qüdrətli Azərbaycan ordusu nəyə qadirdir.

Xalq bir nəfər kimi səfərbər olmaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Eyni zamanda düşmən gördü ki, Azərbaycanın generalları və digər yüksək rütbəli zabitləri əsgərlərlə birlikdə müharibənin ən qaynar nöqtəsində oldular.

Düşmən hiss etdikdə ki, artıq məğlub olur, KTMT-yə üz tutdu. Lakin oradan da heç bir reaksiya verilmədi. Azğınlaşmış düşmən Tovuzun kəndlərini fasiləsiz olaraq daha intensiv atəşə tutdu. Rəşadətli Azərbaycan Ordusu düşmənin bütün hücumlarının qarşısını alır və düşmənə layiqli cavab verirdilər. Şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və başqa əsgər və zabitlərimiz qəhrəmancasına şəhid oldular. Düşmən öz istəyinə nail olmadı.

Tovuz hadisələrində 11 igidimiz şəhidlik zirvəsinə ucaldı. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərin adları ölümündən sonra əbədiləşdirildi. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldülər. Tovuz hadisələri, generalımızın şəhidlik zirvəsinə yüksəlməsi artıq Azərbaycan xalqının səbr kasasını daşırdı, hər kəs düşməndən şəhidlərimizin intiqamını almaq, işğal altında olan torpaqlarımızı azad etmək, düşmənə layiqli cavab vermək üçün döyüşə getməyə hazır idi. İntiqam hissi ilə alovlanan vətəndaşlarımız Bakıda, Tovuzda və digər bölgələrdə  ordumuza dəstək aksiyalarına axışdılar. Xalq bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşdi.

Döyüşlər gedən ərəfədə şəhidlərimizin dəfn mərasiminə minlərlə insan qatılmışdı. Azərbaycan xalqının Vətən eşqi, ölkəmizdə qısa müddətdə ən müasir standartlara cavab verən güclü ordunun qurulması düşməni vahiməyə salmışdı. Düşmən 2016-cı il Aprel döyüşləri zamanı artıq Azərbaycan ordusunun gücünü hiss etmişdi və bildi ki, gec-tez ordumuz əks-hücum əməliyyatı həyata keçirərək işğal və təcavüzə son qoyacaq. Tovuz məğlubiyyətini həzm edə bilməyən azğın düşmən növbəti qəsbkar hücumunu cəbhə xətti boyunca həyata keçirmək istəyərkən 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücuma keçərək “Dəmir Yumruq” əməliyyatına start verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz cəmi 44 günə işğal altındakı müqəddəs torpaqları işğaldan azad etdilər. Ermənilərin 30 il ərzində qurduğu keçilməz qala saydıqları istehkamlar darmadağın edildi. Ermənistanın baş naziri Nikol Paşinyan biabırçı kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Prezidentimiz müsahibələrinin birində qürurla bildirdi ki, biz artıq Polad Həşimovun və digər Şəhidlərimizin qisasını aldıq, onların qanı yerdə qalmadı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş meydanında Tarixi Zəfərə imza atdı, eyni zamanda dövlət başçımız siyasi meydanda da erməniləri və onların havadarlarını birdəfəlik susdurdu. Qeyd etmək lazımdır ki, ermənilərin vandallığı və vəhşiliyi nəticəsində Tovuz rayonunda bir nəfər dinc sakin-Dondar Quşçu kənd sakini Əzizov Əziz İzzət oğlu da şəhid olmuşdur. Rayonun 61 yaşayış evinə ciddi ziyan dəymişdir.

Respublika Prezidenti İlham Əliyevin tapşırığı ilə vətəndaşlara dəymiş hər bir ziyan Azərbaycan dövləti tərəfindən ödənilmişdir. Ağdam kəndində 12, Vahidlidə 5, Dondar Quşçuda 32, Aşağı Öysüzlüdə 5, Yuxarı Öysüzlüdə 4, Əhmədbəylidə 3 ədəd ev, o cümlədən dağılmış evlərin 12-si yenidən tikilmiş, 50 evdə isə təmir-tikinti işləri aparılmışdır. Eyni zamanda Ağdam kəndində elektrik yarımstansiyası qurulub, elektrik təsərrüfatının yenilənməsinə başlanılmışdır. Bununla yanaşı rayonun ən çox zərər görən Ağdam və Dondar Quşçu kəndlərində qaz təsərrüfatında təmir-bərpa işləri həyata keçirilmişdir.

Evi dağılmış Ağdam kənd sakini Həsənov Məhəmməd Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin hər zaman vətəndaşlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan ordusu ilə də qürur duyuruq. Ağdam kəndinin digər sakini Aydın Məmmədov dağılmış evlərin rayon icra hakimiyyəti tərəfindən inşa olunduğunu qeyd etdi. Buna görə də Azərbaycan dövlətinə və rayon icra hakimiyyəti rəhbərliyinə dərin təşəkkürünü bildirdi və əlavə etdi ki, yeni tikilmiş ev əvvəlkindən daha yaxşıdır.

Vəli VƏLİYEV,

“Respublika”.