Şanlı ordumuzun cəsur döyüşçüsü
Region

 Şanlı ordumuzun cəsur döyüşçüsü

Azərbaycan  Respublikasının  Prezidenti, Ali Baş  Komandan  İlham Əliyevin  rəhbərliyi  ilə   rəşadətli Azərbaycan  Ordusu  böyük  şücaət  və  yüksək  döyüş  hazırlığı göstərərək 44  gün  müddətində  torpaqlarımızı  işğaldan,  düşmən  tapdağından  azad  etdi. Vətən müharibəsində  tarix  yazan  qəhrəman  Ordumuz,  əsgər və  zabitlərimiz  Azərbaycanın  haqq uğrunda  mübarizə aparmaq  əzmini,  əsl  döyüş  ruhunu  bütün  dünyaya  nümayiş  etdirdi.

Biləsuvarda  Vətən  müharibəsində  böyük  rəşadət   və igidlik göstərərək  şəhidlik  zirvəsinə  ucalan Həsənli  Telman  Rafiq  oğlunun  xatirəsi ehtiramla anıldı.
Qəhrəman  şəhidimizin anım  mərasimində  iştirak edən  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri  şəhidin  ata  ocağını  ziyarət edərək valideynləri  ilə görüşdülər. Mərasimdə qəhrəmanımızın  şərəfli  döyüş  yolundan  danışılaraq xatirəsi anıldı və  bildirildi  ki, Azərbaycan  xalqının  qüruru,  fəxr i olan  şəhidlərimizin  xatirəsi   bundan  sonra  da daim  əziz  tutulacaq və  dövlətimiz  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin ailələrinin yanında  olacaqdır. Tədbir zamanı  qəhrəman  şəhidimizin  yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı  oldu.
Həsənli Telman Rafiq oğlu -- 1998-ci il martın 3-də  Bağbanlar kəndində  sadə,  zəhmətkeş  ailədə anadan olub.  2018-ci ildə  ordu  sıralarında həqiqi hərbi  xidmətini  başa  vurduqdan  sonra   şərəfli peşədən  ayrılmayıb. Gizirlik  məktəbini bitirib düşmənə  yaxın  təmas  rayonlarının birində  vətənə həvəslə  xidmət  etməyə  başlayıb. Xidmət  etdiyi  hərbi  hissədən  valideynlərinə  göndərilən  təşəkkür  məktubları,  onun  gələcək  uğurlarından  xəbər  verirdi. Şanlı ordumuzun  cəsur  döyüşçüsü,   tank  komandiri  Telman  Həsənli döyüşlərin  birində  yaralansa da, qənimət  kimi  bir düşmən tankını  da  özü  ilə  gətirə bilmişdi. O, Xocavənd,  Füzuli  və  Zəngilan istiqamətində,  Xudafərinin  alınmasında  qanlı  döyüşlərdə  rəşadət  göstərərək qəhrəmancasına şəhid olub. Telman  Həsənli  doğulduğu  kənd  qəbiristanlığında  torpağa  tapşırılıb.
Azərbaycan Prezidenti  İlham  Əliyevin müvafiq sərəncamları  ilə ölkəmizin ərazi  bütövlüyünün təmin  edilməsi uğrunda  döyüş  əməliyyatlarını və  hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların icrası zamanı  vəzifə borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Həsənli  Telman   Rafiq  oğlu  ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

     Ərəstun ABDULOV,

           “Respublika”.