Şanlı hərb salnaməsi
Digər xəbərlər

Şanlı hərb salnaməsi

200 illik bir dönəmdə Azərbaycanın əraziləri bölgə-bölgə parçalanıb, işğala məruz qalıb. Təbiət bu yerlərdən heç nəyi əsirgəməyib. Bütün gözəlliklərin məskəni olan məmləkətimizdə yaxın qonşumuz Ermənistanın həmişə gözü olub. Bütün dövrlərdə bizə qarşı ərazi iddiasında olan Ermənistan ötən əsrin sonlarında öz məkrli əməllərini xaincəsinə həyata keçirməkdən çəkinmədilər. 1980-ci illərin sonlarından başlayaraq öz doğma torpaqlarında yaşayan 100 minlərlə azərbaycanlını didərgin saldılar. Tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və İrəvan mahalında yaşayan soydaşlarımız dədə-baba yerlərindən zorla çıxarıldılar. 1990-cı ildən etibarən həyata keçirilən işğalçılıq siyasəti, ərazi iddiası baş tutdu. Ermənistan havadarlarının köməyi ilə bütün Qarabağ boyunca hücuma keçdi. Nəticədə, ermənilər tərəfindən ərazilərimizin 20 faizi işğal olundu, 1 milyon vətəndaşımız isə köçkün həyatı yaşadı. Vətəndə vətən həsrəti ilə yaşamağa məcbur oldular. Dövlətimiz lazımi qədər köçkünlərə qayğı və diqqət göstərsə də, yurd, el-oba nisgili rahat buraxmadı onları. 30 il davam edən haqsızlığa, işğala dözən Azərbaycan dövləti və milləti nəhayət ki, 2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına layiqli cavab verdi. Xalq, dövlət yumruq kimi birləşib, torpaqlarımız uğrunda cihada qalxdılar.

30 il müddətində Ermənistan ordusu tərəfindən işğal olunan ərazilərimiz xalq-dövlət birliyi sayəsində azad olundu. Möhtəşəm qələbəyə imza atdıq. Yurd, torpaq həsrətimizə son qoyuldu. 44 gün davam edən müharibə dövründə ordumuz 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndi işğaldan azad etdi. Düşmənin xeyli sayda hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan torpaqlarını özünün hərbi gücü və ağıllı diplomatiyası sayəsində azad etdi. Sübut etdi ki, xalqımız torpaqlarını işğaldan azad etmək, onu yadelli işğalçılardan qorumaq iqtidarındadır. Bunun ən gözəl nümunəsi Şuşa döyüşləri, Şuşanın işğaldan azad edilməsi oldu. Bu qələbədən sonra onurğa sütunu qırılan, psixoloji cəhətdən məhv olan düşmən Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz qaytarmağa məcbur oldu. Biabırçı məğlubiyyəti ilə barışa bilməyən Ermənistan öz acizliyini dinc əhaliyə hücum etməklə büruzə verdi. Gəncə, Bərdə, Tərtər və neçə-neçə şəhər və kəndlərimiz qadağan olunmuş silahlarla atəşə tutuldu. Ümumilikdə 100-ə yaxın dinc sakin, qadın, uşaq həlak oldu. Müharibə aparan dövlətlər həm də millət kimi öz əxlaqi dəyərlərini də nümayiş etdirirlər. Ermənilər Qarabağ müharibəsində özlərinin hansı düşüncə və məntiqə sahib olduqlarını açıq şəkildə göstərdilər. Onlar özlərinin vəhşi, vandal bir millət, həm də xain bir qonşu olduqlarını da nümayiş etdirdilər.

 Təkcə hərb meydanında deyil, eyni zamanda diplomatik cəbhədə də qələbə qazanan Azərbaycan oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və nəhayət, noyabr ayının 8-də Şuşa şəhərini işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Xalqla dövlət birliyi qalibiyyətimizi şərtləndirdi. Ali Baş Komandan İlham Əliyev informasiya, diplomatiya cəbhəsində öz əzmini, geniş dünyagörüşünü və qətiyyətini göstərdi. Bütün dünyaya sübut etdi ki, bizim davamız haqq davasıdır. Kimsənin ərazisində, torpağında gözümüz yoxdur. Öz torpağımız, ərazi bütövlüyümüz uğrunda döyüşürük. Onu da sübut etdi ki, döyüş meydanında qələbəni təkcə tanklarla, toplarla deyil, ağılla, zəka ilə qazanırlar. Bunu Şuşa döyüşləri bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyev bu barədə demişdir: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi".

Bəli, Azərbaycan ordusu strateji yüksəklik, çətin, keçilməz qala olan Şuşanı tanklarla, ağır texnika ilə deyil, yüngül silahlarla, ən əsası ürəklə, inamla azad etdilər. Bu, bizim Zəfər bayramımızın təməli, bünövrəsi oldu. Şəhidlər verdik, torpağa qurban gedən oğulları elə bu torpağa da əmanət etdik. Bu gün isə onların bizə bəxş etdikləri Zəfərimizi qürurla, coşqu ilə qeyd edirik. Çünki bizə Zəfər yaraşır, Qələbə yaraşır.

 Ramidə YAQUBQIZI,

"Respublika".