Sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınma
Sosial həyat

Sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınma

Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü və əlilliyi olan şəxslərdən ibarət 63 nəfər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu kateqoriyalardan olan şəxslərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kompleks tibbi-sosial reabilitasiya tədbirləri həyata keçirilir. Xüsusilə son illərdə Nazirliyin reabilitasiya müəssisələri əlilliyi olan şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi üçün müasir tələblərə uyğun qurulub. Hazırda həmin müəssisələrdə müharibə ilə əlaqədar və digər səbəblərdən əlilliyi olan şəxslərə effektiv bərpa-müalicə xidmətləri göstərilir. Eyni zamanda, qeyd olunan şəxslərin xəstəliklərinə uyğun olaraq yollayışlar əsasında müvafiq sanatoriya-kurort və müalicə mərkəzlərində bərpa-müalicə kursu keçmələri təmin olunur.

Yola salınan 63 imtiyazlı şəxslərdən bir hissəsi Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli fizioterapevtik prosedurlara cəlb olunacaqlar. Digər hissəsi isə tibb sahəsində müasir tələblərə cavab verən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Mustafa KAMAL,

“Respublika”.