SAMUX: MAARİFLƏNDİRİCİ VEBİNAR
Region

SAMUX: MAARİFLƏNDİRİCİ VEBİNAR

Samux Rayon Gənclər və İdman İdarəsi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Mərkəzi Rayon Kitabxanasının iştirakı ilə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!”  mövzusunda  maarifləndirici vebinar keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov  sağlam həyat tərzinin, hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu və bu istiqamətdə məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğulayıb.  O, narkotik vasitələrin,  siqaretin, spirtli içkilərin  istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə danışıb.  Tədbirdə narkomaniyanın mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumatlar verilərək bununla bağlı mövcud olan cinayət və inzibati xətalar sahələrinin hüquq normaları iştirakçıların diqqətinə çatdırılıb.

Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev qeyd edib ki, zərərli vərdişlərin,  xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir.  Bu prosesdə idmanın əhəmiyyəti danılmazdır. Belə ki,  hər il ənənəvi olaraq 300-400 idmançının iştirakı ilə  “Narkomaniyaya yox deyək”  devizi ilə  kikboksinq idman növü üzrə respublika  birinciliyinin seçmə turniri məhz Samux şəhərində keçirilir. Bundan əlavə mütəmadi olaraq Gənclər və İdman İdarəsi, Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərində görüşlər keçirilir. Zərərli vərdişlərin mənfi təsirləri haqqında geniş məlumat verilir, yeniyetmə və gənclərin zərərli vərdişlərə qarşı olan münasibətləri öyrənilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Kamil Məmişov öz çıxışında yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Bildirdi ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.

            Zabit  XƏLİLOV,

    “Respublika”.