Samuxda  təkrar əkin aparılır
Region

Samuxda  təkrar əkin aparılır

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi rayonda kənd zəhmətkeşlərinin torpağa olan həvəsini daha da artırıb.

Bölgələrdə taxıl biçini başa çatıb. Fermerlər torpaqdan daha səmərəli istifadə etmək üçün payızlıq əkinlərə qədər öz sahələrində təkrar  əkinlər aparırlar. Bir il ərzində sahələrdə taxıl, qarğıdalı, soya, tərəvəz və başqa məhsulların növbəli əkilməsi torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, fermerlərin gəlirlərini də ikiqat artırmış olur. Qabaqcıl aqrar rayonlardan olan Samux rayonunda da bu məsələ gündəmdədir. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri Samux rayonunun iqtisadiyyatının dinamik inkişaf etdiyini göstərir. Məhsul istehsalı sahələrində istehsalın həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişlənib, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlib.

Bu il rayon üzrə 9692,7 hektar taxıl sahəsində biçin aparılıb. Həmin sahələrdən 37469,5 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektardan orta hesabla 38,6 sentner olub. Cari ildə bundan başqa, 1844,3 ton kartof, 8793,2 ton tərəvəz istehsal edilib. Bu isə əvvəlki illərdən çoxdur. Artıq sentyabrın 1-dək Samuxda 3582,2 hektar sahədə təkrar əkin aparılıb. Bunun da 683,7 hektarı əhali təsərrüfatlarının, 2898,5 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Təkrar əkin sahələrinin 2987,7 hektarında qarğıdalı, 345,2 hektarında günəbaxan 125,8 hektarında tərəvəz, 110,7 hektarında soya, 8 hektarında birillik otlar, 4,8 hektarında isə darı əkilib. Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə, Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərir. Rayonda təkrar əkinlərin aparılması davam edir.

Zabit XƏLİLOV,

“Respublika”.