Samir Xasıyev
Sosial həyat

Samir Xasıyev

Xasıyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir.1980-ci ildə 82 saylı orta məktəbə getmiş, 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini Mikayıl  Müşfiq adına 14 saylı Beynəlmiləl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib Bakı şəhərinə qayıdaraq 1991-ci ildə əmək fəaliyyətinə “Bakı Soyuducular” zavodunda başlayır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olur. Çox keçmir ki, Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edir. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəkəşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.

Samirin erməni qəsbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Füzulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak edir.  O, özünü əsl vətənpərvər, igid, hərbi sənətini sevən və torpaqları uğrunda canından keçməyə hər an hazır olduğunu göstərir. Samir Tərtər uğrunda gedən savaşda erməni işğalçılarının mühasirəsinə düşən döyüş yoldaşlarını mühasirədən çıxarır. O, düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədilə dəfələrlə kəşfiyyat əməliyyatlarında da iştirak edir. Bu zaman o, döyüş yoldaşları ilə birlikdə düşmənin sirlərini üzə çıxarmaqla yanaşı, onların canlı qüvvəsi və texnikasını da məhv edirlər.

Döyüşlərdə Samir Xasıyev bir neçə dəfə yaralanır, lakin sağaldıqdan dərhal sonra yenidən döyüş bölgəsinə qayıdır. S. Xasıyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar, fəxri fərmanlarla təltif olunur. İki aylıq zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra artıq leytenant qismində döyüş bölgəsinə qayıdan Samir yenidən vətənin düşmənin işğalından xilas olunmasında fəal iştirak edir. İgidliyinə, şücaətinə görə ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilir.

1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu “Hərbi Xidmətlərinə görə” medalına təqdim etmişdir.

1995-ci il martın 17-si… Dövlət çevrilişinə növbəti cəhd. Qarşıdurma dinc yolla həllini tapa bilmədi. Samirin bölüyü qərargaha daxil olarkən snayper gülləsi yaxın məsafədən komandiri qarın nahiyəsindən yaraladı. Dostlarının səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadı. O, dövlətçiliyimiz yolunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Nərimanov rayonunda mədəniyyət və istirahət parkına Samirin adı verilmiş və həmin parkda büstü qoyulmuşdur. 2009-cu ildə filminin ssenari müəllifi və rejissoru Etibar Məmmədov tərəfindən Milli Qəhrəmanın  həyat və döyüş yoluna həsr olunmuş “Samirin vəsiyyəti” adlı film çəkilmişdir. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Qəhrəman anası Gözəl Xasıyeva ilə görüşündə demişdir:  "Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır. Samir kimi  insanların böyük amalı Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır. Samirin cəbhəyə yollanan zaman 18 yaşı vardı. Samir 21 yaşında Milli Qəhrəman adına layiq görülüb. Vaxtilə Samirin qəhrəmancasına vuruşduğu, yüzlərlə gəncin şəhid olduğu  torpaqlar bu gün azaddır. O torpaqlarda bu gün Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Bu igidlik bizim gənclər üçün örnək olmalıdır. O da bütün Azərbaycanın fəxridir”. Həmçinin Maya Vəliqızının müəllifliyi ilə Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən “Azadlığın cənnət yolçusu” kitabı da işıq üzü görmüşdür.                          

                                                                                                              M.MİRZƏ,

                                                                                                             “Respublika” .