Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması region dövlətlərinin iqtisadiyyatına və bölgədə sülhün təmin olunmasına müsbət təsir göstərəcək
MÜSAHİBƏLƏR

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması region dövlətlərinin iqtisadiyyatına və bölgədə sülhün təmin olunmasına müsbət təsir göstərəcək

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu olaraq Zəfər Gününün birinci ildönümündə qardaş Azərbaycanda olmaqdan məmnunuq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, Qarabağda "ağıllı şəhərlər", "ağıllı kəndlər" yaradılır. Hər iki ölkə insanların tezliklə öz dədə-baba yurdlarına qayıtması üçün birlikdə çalışır: "Təbii ki, region ölkələrinin mehriban şəraitdə yaşaması üçün sülh ən önəmli faktordur. Zəngəzur dəhlizinin açılması region dövlətlərinin iqtisadiyyatına, qonşuluq münasibətlərinə və bölgədə sülhün təmin olunmasına müsbət təsir göstərəcək".

Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan müttəfiqliyini daha da gücləndirdiyini söyləyən dostluq qrupunun rəhbəri Türkiyə Prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin də tarixi əhəmiyyət daşıdığını söyləyərək deyib: "Dövlət başçılarımız Füzuli Hava Limanının açılışında və digər önəmli mərasimlərdə dünyaya önəmli mesajlar verdilər".

Qarabağ torpaqlarında minatəmizləmə işlərinin getdiyini söyləyən Şamil Ayrım qeyd edib ki, minaların təmizlənməsi işində də Türkiyə qardaş Azərbaycana dəstək göstərir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı işlər gedir.

Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri bu səfərin qardaş ölkələrin parlamentləri arasında əlaqələrin güclənməsinə də kömək edəcəyini vurğulayıb. O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüklərini və bir sıra məsələlərlə bağlı faydalı müzakirələr apardıqlarını diqqətə çatdırıb.

AZƏRTAC