Şamil Ayrım:  İnanıram ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin gələcəyi daha da parlaq olacaq
Siyasət

Şamil Ayrım:  İnanıram ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin gələcəyi daha da parlaq olacaq

Fevralın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan və Türkiyənin bir-birinə ən yaxın ölkələr olduğunu qeyd edən S.Qafarova əlaqələrimizin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

İki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışan Milli Məclisin sədri Azərbaycanın Milli Məclisi ilə Türkiyənin Böyük Millət Məclisi arasında əlaqələrin də dövlətlərimiz arasında əlaqələrin ruhuna uyğun olaraq, yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. O, həm qanunverici orqanlarımız həm də deputatlar arasında sıx münasibətlərin olduğunu, deputatlarımızın bütün məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiklərini vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən geniştərkibli dostluq qruplarının işi təqdirəlayiqdir. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsinə öz töhfəsini verir.

Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlarda da sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

S.Qafarova bu günlərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının 30-cu ildönümünün tamam olduğunu, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ümumxalq yürüşünün təşkil edildiyini xatırladıb: "Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir". Parlament sədri bu qətliamın dünya miqyasında tanıdılmasında qardaş ölkə parlamentarilərinin və diaspor təşkilatlarının da rolunu minnətdarlıqla qeyd edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimizin münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcəyinin daha da parlaq olacağına inamını ifadə edib. Şamil Ayrım parlamentlərimiz arasında əlaqələrin də daim inkişaf etdiyini qeyd edərək, dostluq qruplarının uğurlu fəaliyyətinin bu münasibətlərə özünəməxsus töhfə verdiyini qeyd edib.

Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu deyən Şamil Ayrım bildirib ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq, bu faciənin dünya ölkələri tərəfindən soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində birgə fəaliyyət göstərir. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər keçirilir. O, əminliyini ifadə edib ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək.

Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç Milli Məclis və Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, qanun yaradıcılığı işində də parlamentlərimizin müvafiq komitə və komissiyaları arasında təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

AZƏRTAC