Şamaxı: Türk dünyasının turizm paytaxtı
Digər xəbərlər

Şamaxı: Türk dünyasının turizm paytaxtı

"Turizmin inkişafı ölkə iqtisadiyyatının yüksəlməsində və əhalinin maddi rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Prezident İlham Əliyevin göstərişinə əsasən ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə bu sektorda işlərin planlı şəkildə davam etdirilməsi özəl sahənin, kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərməkdədir".

Bu fikri “Respublika” qəzetinə Şamaxı İnformasiya Mərkəzinin direktoru Taleh Məmmədov bildirib.

Qeyd olunub ki, rayon turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir. Burada yerləşən Cümə Məscidi, Yeddi Günbəz, Şahxəndan türbəsi, Kələxana türbələri, Gülüstan, Buğurt qalaları və bir çox tarixi abidələr, çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr, forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılıb. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb.

Şamaxı rayonundan Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması həm yay, həm də qış turizminin inkişafına təkan verib. Bundan başqa, bu yolun tikintisi turistlərin hər iki rayonun Şamaxı, İsmayıllı turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin edir. Dəmirçi kəndinə gedən yol üzərində bir çox turizm obyektləri yerləşir ki, bu da turistlərin komfortlu yol ilə həmin obyektlərə gəlib-getməsinə şərait yaradır. Bu marşrut üzrə yerləşən obyektlərdən Şamaxı Astrofizika Rəsədxanası, Safari Park, Dəmirçi kəndi turizm kompleksi, hotellər və istirahət mərkəzləri, Pirqulu dağ və meşə massivini sadalamaq olar. İnformasiya Mərkəzindən bildirildi ki, son illər ölkədə olduğu kimi, Şamaxı rayonunda da turizm sənayesinin davamlı inkişafı üçün bir sıra işlər görülüb. Rayonun qədim və ucqar kəndlərindən biri olan Dəmirçi kəndinə yeni müasir yol çəkilib. Qədim kənd məscidi bərpa olunub. Kənddə yerli əhalinin məşğullunu təmin etmək və turistlər üçün yeni fərqli turizm bazarı təşkil edilib. Burada dəmirçilik emalatxanaları, kiçik xalça sexi, suvenir dükanı, ABAD dükanı, Dəmirçi Arxeologiya muzeyi, yerli əhalinin hazırladığı təbii qida məhsullarının satışı məntəqəsi, təndirdə bişirilən çörək, çayxana və kafe fəaliyyət göstərir. Dəmirçi kəndinə gedən yolun üzərində salınmış Safari Park turistlərin fərqli istirahəti üçün təşkil edilib. Bundan əlavə, Şamaxıda Aqroturizmin inkişafı üçün Şirvan Şərabları MMC açılmışdır. Burada dequstasiya zalı, şərabın hazırlanma prosesini izləmək üçün ərazidə olan şərab zavoduna ekskursiya təşkil edilir və Abqora restoranı fəaliyyət göstərir. Turistlərin ən çox maraq göstərdiyi, Şamaxı rayonu Meysəri kəndinin ərazisində yeni açılmış "Alpaca Azərbaycan" fermasıdır. Burada turistlər canlı olaraq alpacalarla şəkil çəkdirə və onları yemləyə bilərlər.

Son illərdə bir çox xarici ölkələrdən Şamaxıya turistlər gəlib. Rusiyadan, BƏƏ-dən, Türkiyədən, İrandan, Asiya ölkələrindən, Fransadan, Almaniyadan və MDB ölkələrindən gələn turistlər çoxluq təşkil edib.

Şamaxıda son illərdə kənd turizmi də çox inkişaf etməkdədi. Bunun nəticəsidir ki, rayona gələn istər yerli, istərsə də xarici turistlərin bir hissəsi kənd evlərində qalmaq istəyirlər. Ən çox turistlərin qaldığı kənd evləri Çuxuryurd, Nağaraxana, Məlhəm, Dəmirçi kəndlərindədir.

Onu da qeyd edək ki, kənd turizmi anlayışı turistlərin ancaq kənd evlərində qalmaqları demək deyil. Hər bir kənd evində qalan turist, yerli kənd təsərrüfatı məhsullarından istifadə edir və bu məhsulların necə ərsəyə gəlməsi prosesinin canlı şahidi olur. Bura süd sağımı və ağartı məhsullarının hazırlanması, müxtəlif meyvə və təbabətdə istifadə olunan bitkilərin toplanması, ev heyvanları və quşlarına qulluq və digər işlər daxildir. Artıq bir çox kəndlərin sakinləri kənd turizminin necə maraqlı və faydalı olduğunu bilirlər. Burada həm kəndlinin göstərdiyi xidmət qarşılığında maddi durumu yaxşılaşır, həm də regiona gələn turistlər təbii mühitdən çox məmnun qalırlar. Bildiyiniz kimi, Şamaxı rayonu ilin bütün fəsillərində mülayim iqlimə malikdir və turistlərin yay mövsümündən əlavə olaraq qış mövsümündə də kənd evlərinə maraqları azalmır.

Son illərdə COVID-19 virusunun yayılması ilə bağlı qadağalar olduğundan bölgəyə turist axını azalsa da, pandemiyanın yumşaldılmasından sonra turistlərin sayında əhəmiyyətli şəkildə canlanma hiss olunur.

Bu ilin may ayında Şamaxıda Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib. Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialından istifadə edilməsi, "Müasir İpək Yolu Birgə Turu"nun və "Türk Dünyası Turizm Paytaxtı" layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə baxılıb. İclasda, həmçinin, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin "Ən Yaxşı Turizm Kəndləri" təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparılıb.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislər qatılıb.

TDT-nin Baş Katibliyinin iştirakı ilə keçirilən iclasda üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün birgə turizm məhsullarının yaradılması və təbliğat tədbirlərinin gücləndirilməsi məqsədilə görüləcək işlər barədə razılaşmalar əldə edilib.

İşçi qrupun iclasının gündəliyində müzakirə olunan "Türk Dünyası Turizm Paytaxtı" layihəsinə əsasən 2023-cü il üçün Şamaxı şəhəri "Türk Dünyası Turizm Paytaxtı" seçilməsi təklif edilib. Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasının qərarına əsasən Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".