Salyan və Neftçala rayonlarından meliorativ tədbirlər
Region

Salyan və Neftçala rayonlarından meliorativ tədbirlər

Əkin sahələrinin suvarmaya hazırlanması ilə yanaşı, başqa meliorativ tədbirlər unudulmur. Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, ölkənin ən böyük meliorasiya obyektlərindən olan Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir.

Hazırda Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir neçə istiqamətdə bu işləri həyata keçirir. İdarə üzrə 2022-ci ildə 223 kilometr kollektor-drenaj sistemi təmir edilib lildən təmizlənib. Bundan Salyan rayonu üzrə 147 km, Neftçala rayonu üzrə 76 km lildən təmizləmə işləri aparılıb. İdarə üzrə ötən il 1140 min kubmetr torpaq işi görülüb ki, Salyan rayonu üzrə 783 min kubmetr, Neftçala rayonu üzrə 357 min kubmetr lildən təmizlənmə işləri yerinə yetirilib. Bundan başqa, 1 ədəd akveduk 1 ədəd nasos stansiyası əsaslı təmir olunaraq istismara yararlı hala salınıb, 28 ədəd hidrotexniki qurğu cari təmir edilib.

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ötən il olduğu kimi, bu il meliorativ tədbirlərini davam etdirir. İlin əvvəlindən bu günə kimi idarə tərəfindən 47 kilometr Salyan rayon ərazisində, 10 km Neftçala rayonu ərazisində kollektor drenaj sistemi lildən təmizlənərək, 228 min kubmetr torpaq işi görülüb. Bundan başqa, 9 ədəd hidrotexniki qurğu cari təmir edilib istismara yararlı hala gətirilib. Hazırda texnikalar vasitəsilə plana uyğun olaraq bir neçə istiqamətdə, o cümlədən Salyan rayonu ərazisində lildən təmizləmə işləri həyata keçirilir.

İdarə tərəfindən fermerlərin, kənd sakinlərinin əkin sahələrinin yaxınlığından keçən kollektorlarda daim lildən təmizləmə işləri həyata keçirilir. Bunun nəticəsi olaraq fermerlər münbitləşən torpaqlarda əkin apara bilirlər. Əvvəllər şoranlaşmaya məruz qalan torpaqlarda indi müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 kilometrdir. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür. Ümumiyyətlə, Baş Mil-Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ Muğan-Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel məişət sularının Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır.

Nəriman CAVADOV,

"Respublika".