SALYAN: Qəhrəmanlarımızı iftixarla tanıyırıq
Region

SALYAN: Qəhrəmanlarımızı iftixarla tanıyırıq

Salyan  rayonunda  "Qəhrəmanlarımızı   tanıyaq”  adlı  silsilə  tədbirlər  çərçivəsində  Vətən  müharibəsi iştirakçısı  və  qazilərlə  məktəblilərin  görüşü  davam etdirilir.

Arbatan  kənd  tam  orta  məktəbində  rayon  icra  hakimiyyətinin  və  Təhsil  şöbəsinin  birgə təşkilatçılığı  ilə “Qəhrəmanlarımızı  tanıyaq” adlı  silsilə  tədbirlər  çərçivəsində  Vətən  müharibəsi iştirakçısı  və  qazilərlə  məktəblilərin  növbəti  görüşü  keçirildi. Görüşdə  “Cəsur  döyüşçü”   və  Füzulinin,  Xocavəndin,  Cəbrayılın  və  Şuşanın  azad  edilməsinə  görə  medalları  ilə təltif  edilmiş əsgər  Qəfərov  Orxan  Məmmədağa  oğlu,  “Suqovuşanın  azad  edilməsinə  görə” medalı  ilə  təltif edilmiş  əsgər  Nəcəfov  İlqar  Bəxtiyar oğlu, “Suqovuşanın  azad  edilməsinə  görə” Qüsursuz  xidmətə görə” 90,95,100  illik  yubiley  medalın  hər  3 dərəcəsi  üzrə  təltif  edilmiş  baş  gizir  Əliyev Abdulla   Rəfail oğlu  və  rayon  icra  hakimiyyəti  başçısı  aparatının  Vətən  müharibəsi  iştirakçıları  və şəhid  ailələri ilə işin təşkili  şöbəsinin  böyük  məsləhətçisi  Füzulinin,  Xocavəndin,  Qubadlının, Zəngilanın  azad  edilməsinə  görə  və  “Şücaətə  görə” medalları  ilə  təltif  edilmiş  əsgər  Quliyev Heydər  Seymur  oğlu  iştirak  etdilər.
Tədbirdə  çıxış  edən  Heydər  Quliyev  44 günlük  Vətən  müharibəsində  əsgər  və  zabitlərimizin igidliyindən,  xalq-ordu  birliyindən    söhbət  açaraq, qəhrəmanlarımızın  tanıdılmasının vacibliyini  bildirdi.  Natiq   qeyd  etdi  ki,  neçə-neçə  igid  oğullarımız   vətən  uğrunda  haqq savaşının  iştirakçısı,  şəhid  və  ya  qazi  oldular.  Sonunda   zəfər  çaldığımız  bu  müharibə  Azərbaycan  xalqının  vətənə  necə  bağlılığını,  onun  üçün  gözünü  qırpmadan  canından  keçməyə  hazır  olduğunu  bir daha  sübut  etdi.     Görüşdə  iştirak  edən  müharibə  iştirakçıları  keçdikləri  döyüş  yolundan danışaraq,  məktəblilərin  suallarını   cavablandırdılar.
Sonra    məktəblilərin  ifasında   şəhidlərimizə,  qazilərimizə  və  Vətənə  həsr  olunmuş  ədəbi-bədii kompozisiya  təqdim  olundu.  Məktəbin  gənc   şagird-rəssamları   Qarabağ   mövzusunda   çəkdikləri rəsm   əsərlərini   qonaqlara   hədiyyə   etdilər.

                                 Ərəstun   ABDULOV ,

                                 “Respublika”.