Salyan, Neftçala və Sabirabad rayonlarının əkin   sahələrində meliorasiya tədbirləri
İQTİSADİYYAT

Salyan, Neftçala və Sabirabad rayonlarının əkin   sahələrində meliorasiya tədbirləri

Aran   bölgəsinin  əksər  əraziləri   dəniz   səviyyəsindən  çökək  olduğu üçün    bu   yerlərin   əkin   sahələrində   şor, duzlu   su   yığılır   və  təsərrüfatlarda  yüksək   məhsuldarlığa  mane  olur. Həmin  şor   və   duzlu  sular   xüsusi   kollektorlar  vasitəsilə   dənizə   axıdılır  və  əkin    sahələri     bu   yolla   münbitləşdirilir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, 1977-ci ildən   məhz  bu   məqsədlə  fəaliyyətə başlayan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonlarında 132500   hektar əkin sahəsinə qulluq edir. Bu  rayonların ərazisində 3260   kilometrdən artıq kollektor- drenaj sistemləri mövcuddur. Kollektor -drenaj sistemlərinin üzərində isə 3226 ədəd hidrotexniki qurğu var. Hidrotexniki qurğulardan bu il 47 ədədi cari təmir olunub.

 İdarə tərəfindən il ərzində mütəmadi olaraq lildən təmizləmə işləri də həyata keçirilir. Bu ilin əvvəlindən etibarən mexanizmlər vasitəsilə 430 kilometrdən artıq məsafədə lildən təmizləmə işləri görülüb.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında 25 ədəd nasos stansiyası fəaliyyət göstərir və onların da   ümumi  məhsuldarlığı bir   yerdə  saniyədə  85   kubmetr   təşkil edir. 2022-ci ildə Salyan, Neftçala və Sabirabad rayonlarında ümumilikdə  32  min  hektardan   çox  sahədə    pambıq, 60  min  hektara yaxın əkin    sahəsində  taxıl, 42 min  hektarda  yem bitkiləri əkilib. İdarə tərəfindən plana uyğun olaraq balansda olan 10 ədəd nasos stansiya, 68 ədəd nasos aqreqatı və 71 ədəd elektrik mühərriki təmir olunub.

Qeyd edək ki, hazırda idarənin 20-yə yaxın mexanizmi vasitəsilə Salyan, Neftçala və Sabirabad rayonlarının 15-ə yaxın kəndində lildən təmizləmə işləri davam etdirilir.

Nəriman  CAVADOV,

“Respublika”.