Şahmar Mövsümov: Fevralın 15-dən COVID pasportlarının ikinci dozadan sonra müddəti 6 ay müəyyən edilir
MÜSAHİBƏLƏR

Şahmar Mövsümov: Fevralın 15-dən COVID pasportlarının ikinci dozadan sonra müddəti 6 ay müəyyən edilir

"Omicron" ştamının digər ölkələrdə yaratdığı problemlərin Azərbaycanda da baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Biz bunu anlamalıyıq. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Elmi-tədqiqatlar, dünyanın aparıcı universitetlərinin tədqiqat mərkəzlərinin son araşdırmaları göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyə malikdir. Amma, eyni zamanda, həmin tədqiqatlar nəticəsində görmək olur ki, artıq ikinci dozadan 4 ay sonra immunitet azalmağa başlayır. Yəni, qoruyucu immunitetin tədricən azalması müşayiət olunur. Bunun üçün üçüncü dozanın - buster dozanın vurulması ciddi tövsiyə edilir. Buster dozanın vurulması prosesi Azərbaycanda da başlayıb. Ölkəmizdə artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Bu proses davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şahmar Mövsümov deyib ki, eyni zamanda, bu prosesdə daha çox qoruyucu, ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVID pasportlarının, vaksinasiya və immunitet sertifikatının vaxtına məhdudiyyət qoyulur. Fevralın 15-dən COVID pasportlarının ikinci dozasından sonra müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay keçdikdən sonra COVID sertifikatı artıq öz qüvvəsini itirmiş olur. Bildiyimiz kimi, hazırda müəyyən yerlərə yalnız COVID pasportu ilə daxil olmaq mümkündür. Təbii ki, vaxtı keçmiş COVID pasportla artıq həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Fevralın 15-dək bütün vaksin sertifikatları qüvvədə qalır. Hazırda buster dozanı ikinci dozadan 5 ay sonra vurmaq mümkündür. Eyni zamanda, Azərbaycanda immunitet sertifikatının müddəti 6 ay müəyyən edilib. Yenə də bir buster doza vurmaqla immunitet sertifikatının müddəti uzadılır.

AZƏRTAC