Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
MÜSAHİBƏLƏR

Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur

İşğaldan azad olunan ərazilərdə digər təbii resurslarla yanaşı, kifayət qədər zəngin su resursları da mövcuddur. Ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib ki, su resurslarının yenidən qiymətləndirilməsi çox vacibdir. Çünki hazırkı qiymətləndirmələr təxminidir. “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, bunlar müəyyənləşdirilməlidir. Ona görə də bugünkü iclasda həm Prezident İlham Əliyev tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, həm də Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad olunmuş əraziləri üzrə xüsusi nümayəndəsi iştirak edib. Biz bütün əlaqələndirmə işlərini təmin edirik. Bugünkü iclasın Ağdamda səyyar qaydada keçilməsi də bunun bir göstəricisidir”.

Şahin Mustafayev işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarının olduğunu bildirib.

Baş nazirin müavini Komissiya çərçivəsində də təkliflərin olduğunu, onlara da baxılacağını deyib: “Bu təkliflər öyrənilərək Əlaqələndirmə Qərargahına və yekunda dövlət başçısına təqdim olunacaq. Təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var. Bunlar hamısı ətraflı araşdırılacaq”.

 

İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq

İşğaldan azad olunmuş ərazilərdə tezliklə insanlar məskunlaşacaq. Bununla bağlı planlar hazırlanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdam şəhərində Baş nazirin müavini, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın sədri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib.

Baş nazirin müavini deyib ki, Ağdam şəhərinin Baş Planı artıq Prezident tərəfindən təsdiqlənib: “Ağdam şəhərinin təxminən 100 min əhalisi olacaq. Təbii ki, Ağdam şəhərinin də içməli su təminatı olmalıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilərdə keyfiyyətli su təminatını nəzərdə tuturuq. İlk olaraq Ağdam şəhəri tikilir. Artıq məktəb binası və digər binaların tikintisinə başlanılıb. Biz də su məsələləri ilə məşğul olan komissiya kimi bu işləri paralel, əlaqələndirilmiş şəkildə aparmağa çalışırıq ki, əhali məskunlaşdıqca infrastrukturla təmin olunsun. Yəni yol, nəqliyyat, elektrik, sosial məsələlər, həmçinin su təminatı yüksək səviyyədə olsun. Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş ərazilər nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Biz Prezidentin rəhbərliyi altında bu istiqamətdə əlimizdən gələni edirik”.

 

Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək

Üçtərəfli İşçi qrupu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanata əsasən yaradılıb və kifayət qədər səmərəli fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib: “Ermənistanda seçki keçirilib, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.

AZƏRTAC