SAHİBKARLIĞIN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ ARTIR
İQTİSADİYYAT

SAHİBKARLIĞIN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ ARTIR

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birini sahibkarlığın inkişafı təşkil edir. Sahibkarlığa sistemli şəkildə dövlət himayəsinin həyata keçirilməsi, həmçinin sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılması həmin sahədə mühüm nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. Dövlət-sahibkar münasibətləri həmişə inkişaf etdirilmiş və sahibkarlığın dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi üzrə həlledici addımlar atılmışdır.

Sahibkarların hüquqlarının müdafiəsi mexanizmləri yaradılmış və onların tətbiqi sayəsində müdaxilə halları aradan qaldırılmışdır. Bütün bunlarla yanaşı, sahibkarlığa maliyyə yardımı mexanizmi yaradılmışdır ki, o da nəticədə ölkədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyatlarına olan tələbatının ödənilməsini təmin edir.

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir.

Respublikamızda sahibkarlara dəstək mexanizmləri getdikcə təkmilləşdirilərək daha çevik, sahibkara daha əlçatan olan strukturların formalaşdırılmasına üstünlük verilir. Belə ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından KOB evləri də unikal modellərdəndir.

Bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da "Bakı KOB evi"nin açılışında iştirak edib.

Yeni istifadəyə verilən, sayca 3-cü olan "Bakı KOB evi"nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərmək, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. Təşkilat gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

"Bakı KOB evi"ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər. Bununla yanaşı, burada yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Qeyd etməliyik ki, operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır.

Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Vurğulamaq lazımdır ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, sahibkarlıq subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentlik tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər qurumun ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri onların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes-planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən "KOB dostu" şəbəkəsi vasitəsilə reallaşdırılır.

Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.

Eyni zamanda kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması sahibkarlıq subyektlərinin, xüsusilə qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşgulluqda iştirak payının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı Fərman da iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirilmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədinə xidmət edir.

Bütövlükdə, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi bu sahədə mühüm nailiyyətlərin və müsbət göstəricilərin əldə olunmasını şərtləndirir.

Nurəngiz ADİLQIZI,

"Respublika".