Sahib ƏLƏKBƏROV: Heydər Əliyev - Daim gələcəyə baxan böyük şəxsiyyət
MÜSAHİBƏLƏR

Sahib ƏLƏKBƏROV: Heydər Əliyev - Daim gələcəyə baxan böyük şəxsiyyət

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini AZƏRTAC ilə bölüşüb.

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi bu böyük şəxsiyyətin ölkə, xalq, millət üçün gördüyü işlərin miqyasının bir daha indiki və gələcək nəsillərin nəzərinə çatdırılması baxımından çox vacib bir imkandır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub və biz imkandan istifadə edərək Ümummilli Liderin - Böyük şəxsiyyətin kim olduğunu bir daha bütün dünyaya göstərməliyik.

1969-cu ilin iyul ayında Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda mən tələbə idim və Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun ikinci kursunda təhsil alırdım. O zaman siyasət və ictimai fəaliyyətlə yaxından məşğul olmayan tələbələrin çoxu bəlkə də bu hadisəyə o qədər də əhəmiyyət verməsələr də, çox qısa müddətdən sonra Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi kimi Mərkəzi Komitənin avqust plenumundakı ilk çıxışı bütün ölkədə bir fırtına effekti yaratdı. Çünki ilk dəfə idi ki, bu çıxışda ölkədə gedən proseslərə fərqli baxış ortaya qoyulur, mövcud nöqsanlar tam çılpaqlığı ilə açıqlanır, onların aradan qaldırılması üçün yollar müzakirəyə çıxarılırdı. Bu, ozamankı Azərbaycan üçün artıq böyük hadisə idi. Bir qədər sonra həmin ilin noyabr ayında Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin təmiz Azərbaycan dilindəki çıxışı ikinci böyük hadisə oldu.

Qeyd etmək lazımdır ki, o dövrdə öz ana dilində çıxış etmək heç kimə rəsmi şəkildə qadağan edilməsə də, Heydər Əliyevə qədər bu qəbildən olan tədbirlərdə yüksəkvəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını rus dilində edərdilər. Heydər Əliyev hamıya göstərdi ki, hər kəs öz dilində də çıxış edə bilər və əgər biz öz ana dilimizin inkişafına nail olmaq istəyiriksə, məhz bu yolla getməliyik.

Ulu Öndər ömrünün sonuna kimi ana dilimizin qorunması və inkişafı üçün əlindən gələni etdi. Bu gün biz ölkəmizin hər yerində, həm rəsmi, həm də qeyri-rəsmi dairələrdə dövlət dili kimi yalnız Azərbaycan dilindən istifadə edildiyini görürüksə, buna görə ilk növbədə, Heydər Əliyevə minnətdar olmalıyıq. Bəlkə də kimsə fikirləşəcək ki, burada nə var, Azərbaycan dili rəsmi dövlət dilimizdir və belə də olmalıdır. Mən bu məsələnin necə mürəkkəb və çətin olduğunu başa düşmək üçün belə insanlara sadəcə müstəqillik əldə etmələrindən 30 il keçməsinə baxmayaraq, digər keçmiş sovet respublikalarında onların öz ana dillərindən istifadə səviyyəsinə diqqət yetirməyi məsləhət görərdim. Bu gün hər şeyə başqa gözlə baxan və hər şeyi adi, normal bir hal kimi qəbul edən gənc nəslin nümayəndələrinin nəzərinə çatdırmaq lazımdır ki, bəzi məsələləri yalnız fərman və sərəncam, yaxud göstərişlə həll etmək mümkün deyil.

Bu, təkcə vərdişlə bağlı olmayıb, həlli o qədər də asan olmayan bir çox obyektiv və subyektiv amillərlə əlaqədardır ki, onları həll etmədən lazım olan hədəflərə çatmaq üçün uzun və keşməkeşli yol qət etmək lazım gəlir.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Heydər Əliyev yorulmaq bilmədən Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, insanların maddi rifahının yüksəldilməsi, təhsilimizin səviyyəsinin artırılması, gənclərin daha savadlı, daha sağlam olmaları, Azərbaycanın və azərbaycanlıların ölkə sərhədlərindən kənarda yaxşı tanıdılması üçün əlindən gələni edirdi.

İndiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması üçün Heydər Əliyevin hansı əziyyətlər çəkməsi ilə bağlı çox deyilib, çox yazılıb. Amma bu hərbi təmayüllü məktəbin yaradılması nə qədər çətin idisə, hər şeyin mərkəzdən asılı, respublikamızın imkanlarının isə məhdud olduğu bir dövrdə bu hərbi təhsil müəssisəsinin formalaşdırılması, onun maddi-texniki bazasının yaradılması, gənclərin burada təhsilə cəlb olunması heç də bundan asan olmayan bir məsələ idi. Biz Heydər Əliyevin tapşırıqlarına uyğun olaraq fəal gəncləri cəlb etməklə məktəbin ərazisində iməciliklər təşkil edir, onun kitabxanası üçün kitablar toplayır, ümumtəhsil məktəbləri şagirdlərinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaları üçün geniş maarifləndirmə işləri aparırdıq. Etiraf etmək lazımdır ki, ötən əsrin yetmişinci illərində azərbaycanlıların hərbi sahədə də geniş təmsil olunmasının, öz hərbçi kadrlarımızın yetişdirilməsinin vacibliyi heç də hamı tərəfindən tam başa düşülmürdü.

Heydər Əliyevin nəyə görə bu məktəbə belə böyük diqqət yetirdiyinin əsl məqsədini çoxları Qarabağ münaqişəsi başlayandan sonra anladı.

Rəsmi dövlət tədbirlərindən, televiziya ekranlarından tanıdığımız Heydər Əliyev, təbiidir ki, bizim üçün əlçatmaz, zəhmli, hamının çəkindiyi bir şəxsiyyət idi. Lakin mən ilk dəfə 1980-ci ildə onun qəbulunda olanda gördüm ki, real həyatda Heydər Əliyev başqadır. Bir gün məni çağırıb dedilər ki, səni Komsomolun Mərkəzi Komitəsinin katibi vəzifəsinə məsləhət bilirik, filan vaxtda Heydər Əliyevin qəbulunda olmalısan. Təyin olunan vaxtda mən Heydər Əliyevin qəbul otağına gəldim və gözləməyə başladım. Açığını deyim ki, çox həyəcanlı idim və özümü necə aparmalı olduğumu bilmirdim, heç kim də bu barədə mənə bir söz deməmişdi. Vaxt keçdikcə həyəcanım daha da artırdı, düşünürdüm, görən nə olub ki, məni bu qədər gözlədirlər? Xeyli keçəndən sonra kabinetin qapısı açıldı və otaqdan bir neçə general çıxdı (Sonra öyrəndim ki, Zaqafqaziya Hərbi Dairəsinin bütün rəhbərliyi Tbilisidən Heydər Əliyevin qəbuluna gəliblər və onların görüşü nəzərdə tutulduğundan xeyli çox çəkib).

Mən Heydər Əliyevin əyləşdiyi masaya yaxınlaşanda Ulu Öndər ayağa qalxaraq mənimlə görüşdükdən sonra oturmağı təklif etdi və mənə tərcümeyi-halım, ailəmlə bağlı bir neçə sual verdi. Onun səmimiyyəti, səsinin tonu mənim bütün həyəcanımı yox etdi və sanki mən çoxdankı bir tanışım, dostumla açıq söhbət eləməyə başladım. Onu da deyim ki, Heydər Əliyev baxışları ilə adamı elə bil ovsunlayır, hətta onu ürəyinin ən gizlin dərinliklərində olan, başqalarına heç vaxt açıb demək istəmədiyi fikirləri də açıqcasına bölüşməyə vadar edir, müsahibinin bütün diqqətini özünə cəlb edə bilirdi.

Özü də bu, yalnız fərdi görüşlərə aid deyildi. Mən 1984-cü ilin əvvəllərində Moskvada İctimai Elmlər Akademiyasında əyani təhsil alarkən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə cəmi bir neçə ay əvvəl təyin olunmuş Heydər Əliyev geniş bir məruzə ilə akademiyada çıxış etdi. Onun 3 saata yaxın bir müddət ərzində heç bir kağıza baxmadan, kuratorluq etdiyi bir sıra iqtisadi və sosial sahələrdəki mürəkkəb vəziyyət, bu vəziyyətdən çıxış yolları barədəki məruzəsi auditoriyanın əksəriyyətini təşkil edən professor-müəllim heyətini yaxşı mənada çox təəccübləndirmişdi. Onlar inana bilmirdilər ki, Azərbaycandan gəlmiş bir rəhbər işçi belə qısa bir zamanda nəinki bu sahələrdəki problemləri belə dərindən öyrənə bilmişdi, həm də onların aradan qaldırılması yollarını göstərirdi. Heç yadımdan çıxmır, iki gün sonra bizim iqtisadiyyat müəllimimiz, o zaman SSRİ-də bir nömrəli iqtisadçı hesab olunan və dünya alimləri tərəfindən də böyük iqtisadçı kimi qəbul edilən akademik Leonid Abalkin mənə müraciətlə söylədi ki, siz çox xoşbəxt xalqsınız, belə bir lideriniz var. Bu, həqiqətən də çox qürurverici idi...

Heydər Əliyev ən ağır, hətta ilk baxışda çıxılmaz görünən vəziyyətlərdə də həmişə gələcəyə baxır, insanları 10, 20, 30, 50 il sonra görülməli olan işlərə səfərbər etməyi bacarırdı.

1993-cü il prezident seçkiləri ərəfəsindəki seçkiqabağı kampaniya barədə təbii ki, çoxlarının məlumatı yoxdur və ya çox azdır. O zaman ölkə çox ağır vəziyyətdə idi, vətəndaş müharibəsi qapının astanasında, hər yerdə hərc-mərclik, iqtisadiyyat dağıdılmış, Qarabağın böyük bir hissəsi ermənilər tərəfindən işğal olunmuşdu. Heydər Əliyev Ali Sovetin sədri kimi gecə-gündüz çalışır, evə də getməyib, elə iş otağındaca cəmi bir neçə saat yatmaqla kifayətlənirdi.

Ozamankı ölkə prezidenti öz vəzifəsini qoyub getmişdi Naxçıvanın Kələki kəndinə, onun yardımçılarının çoxu vəzifələrini "dondurmuşdular" və hakimiyyətin ağır yükü tək Heydər Əliyevin üzərinə düşmüşdü.

O zaman prezidentliyə namizəd kimi biri ziyalılarla, digəri isə hüquq-mühafizə orqanlarının nümayəndələri ilə olmaqla Heydər Əliyevin cəmi iki görüşünün keçirilməsi planlaşdırılırdı. Biz Azərbaycan Gənclər İttifaqında belə qərara gəldik ki, Heydər Əliyevin gənclərin nümayəndələri ilə daha bir görüş keçirməsini də təklif edək.

Mən o zaman dövlət müşaviri vəzifəsində çalışan, Ali Sovetin deputatı kimi yaxşı tanıdığım Arif Rəhimzadəyə zəng etdim və bu barədə fikrimizi ona çatdırdım. O, bizimlə razılaşsa da, dedi ki, sən vəziyyəti bilirsən, çətin ki, buna imkan ola. Buna baxmayaraq, mən təkidlə xahiş etdim ki, məsələni Heydər Əliyevə çatdırsın. Söhbətdən bir neçə gün sonra mən yenə ona zəng etdim və o bildirdi ki, məsələni hələ Heydər Əliyevə məruzə etməyə imkanı olmayıb. Mən yenə təkidlə xahiş etdim ki, siz məsələni mütləq ona deyin, çünki bütün dünya Azərbaycandakı prosesləri diqqətlə izləyir, Heydər Əliyevin belə bir ərəfədə gənclərin nümayəndələri ilə görüşməsi, onları dinləməsi, öz tövsiyələrini verməsi siyasi baxımdan çox müsbət qarşılana bilər. Yenə bir neçə gün keçdi və mən artıq ümidimi itirməyə başlayırdım ki, bir gün gecə yarısında telefon zəng elədi və Arif müəllim söylədi ki, indicə Heydər Əliyevin yanından çıxmışam, təklifinizi ona çatdırdım, o da iradını bildirdi ki, niyə indiyə kimi bu barədə mənə heç kim heç nə deməyib? Görüş 3 gündən sonra olacaq, özü də təklif etdiyiniz kimi, Ali Sovetin kiçik zallarından birində deyil, böyük iclas zalında. Belə ki, hazırlaşın, bütün məsuliyyət də sizin üzərinizdədir. Təbiidir ki, səhərədək gözümə yuxu getmədi və biz bu görüşü hazırlamağa başladıq. Sentyabr ayının 23-də keçirilən görüşün aparılması da mənə həvalə olundu.

Gənc çıxışçılar bir-birini əvəz edir, mən isə sağ tərəfimdə oturan Heydər Əliyevin həmin çıxışlara münasibətini anlamağa çalışırdım. O, çox yorğun görünürdü və bəzən mənə elə gəlirdi ki, heç kimə qulaq asmır, başqa şeylər haqqında düşünür. Hətta ağlıma gəldi ki, bəlkə nahaq yerə bu ağır vəziyyətdə onu dövlət işlərindən ayırıb bu görüşə dəvət etmişik...

Görüşün sonunda Heydər Əliyev tribunaya keçdi və elə bil ki, bu zaman o, tam dəyişib gümrahlaşdı, hətta bir qədər də gəncləşdi. Öz çıxışında Heydər Əliyev ölkədəki mövcud vəziyyətin qısa təhlilini verdikdən sonra elm, təhsil, mədəniyyət, iqtisadiyyat, hərbi və digər sahələrdə görülməsi vacib olan işlərdən danışmağa başladı və ondan əvvəl bu tribunaya çıxmış gənclərin hər birinin çıxışına istinad edərək konkret tövsiyələrini verdi.

Həmişəki kimi, bu dəfə də Ulu Öndər heç bir yazılı materialdan istifadə etmirdi, əlində yalnız əvvəlki çıxış edənlərin adlarını yazdığı kiçik bir kağız parçası var idi. Bu, adi bir çıxış yox, Azərbaycanın gələcəyini müəyyən edən proqram idi...

İllər sonra Heydər Əliyevin yubileyi ərəfəsində Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov bu tədbirlə bağlı mənə müraciət edəndə (o zaman mən bu universitetin yerləşdiyi Səbail rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində işləyirdim) mən ona təklif etdim ki, gəlin bu tədbirdə heç bir çıxış nəzərdə tutmayaq, Heydər Əliyevin 1993-cü il sentyabrın 23-də gənclərlə görüşündən bir videoçarx hazırlayıb yalnız Heydər Əliyevin gənclərə ünvanladığı sözləri dinləyək, o, bununla razılaşdı və biz belə də etdik. Hazırlanmış videoçarxa baxandan sonra 600 nəfərlik zal elə bil ki, donub qalmışdı, sükuta qərq olmuşdu, sonra isə birdən alqış səsləri zalı titrətdi.

Üstündən 10 ildən də çox bir vaxt keçməsinə baxmayaraq, Heydər Əliyevin sözləri öz aktuallığı ilə zaldakı tələbələrə, müəllimlərə və qonaqlara belə, təsir etmişdi...

Hafizəmdə Heydər Əliyevlə bağlı dərin iz buraxmış xatirələrdən biri də yenə də gələcəklə bağlı olan varis məsələsi ilə əlaqədardır. Rusiya telekanallarından birində belə bir veriliş vardı - "Dvoynoy portret" ("İkili portret"). Bu verilişdə iki tanınmış siyasətçiyə, dövlət xadiminə eyni suallar verilir, sonra isə onların verdiyi cavablar tutuşdurulurdu. Həmin verilişlərdən biri Azərbaycan və Gürcüstan rəhbərləri Heydər Əliyevə və Eduard Şevardnadzeyə həsr olunmuşdu.

Suallardan biri belə idi: Siz özünüzdən sonra ölkə rəhbərliyində kimi görürsünüz?

Cavablar maraqlı idi.

E.Şevardnadze: Bu gün məni əvəz edə biləcək belə bir adam görmürəm. Amma bir neçə ildən sonra mənim hazırladığım 3-4 nəfər gənc kadr var ki, onlar gələcəkdə məni əvəz edə bilərlər.

Bu müsahibədən bir qədər sonra biz televiziya ekranlarından gördük ki, həmin gənc kadrlardan biri əlində bir qızıl gül, öz tərəfdaşları ilə birlikdə E.Şevardnadzeni tribunadan necə hörmətsizliklə düşürdü və hakimiyyətdən kənarlaşdıraraq onun yerinə keçdi. Nəticəsi də göz qabağındadır, Gürcüstan öz əzəli torpaqlarının bir hissəsini itirdi, bu gün də özünə gələ bilmək üçün yollar axtarır.

Heydər Əliyev: Mən bu barədə düşünmürəm. Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır və vaxtı gələndə özü düzgün qərar verəcək. Bilənlər bilir ki, o, belə desə də, daim bu məsələni də diqqətdə saxlayır, bunun üçün lazım olan hər şeyi edirdi. Nəticə də bundan ibarətdir ki, Heydər Əliyevdən sonra xalqımızın seçdiyi Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək, onu bir çox siyasi çalxalanmalardan, fəlakətlərdən qorudu, SSRİ-nin dağılmasından sonra itirilmiş torpaqlarımızın geri qaytarılmasını və ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Budur, Heydər Əliyev siyasətinin təntənəsi, Heydər Əliyev uzaqgörənliyinin nəticəsi.

Ulu Öndər təkcə daim gələcəyə baxmaqla kifayətlənmirdi, o, həm də gələcəyi qururdu, formalaşdırırdı və Azərbaycan durduqca, var olduqca, Heydər Əliyev də onunla birlikdə yaşayacaq, var olacaq.